XİN: Ermənistanın güc tətbiq edərək ərazi əldə etməsi cəhdləri qəbuledilməzdir

XİN: Ermənistanın güc tətbiq edərək ərazi əldə etməsi cəhdləri qəbuledilməzdir

"Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun timsalında, deyəsən yeni, rəqiblə üzləşib. Amma məntiqsizlik və mahiyyətsizlik baxımından hər ikisinin açıqlamaları bir-birindən geri qalmır”.

Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan parlamentinin vitse-spikeri Şarmazanovun Latviya nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirlərini 7news.Az-a şərh edərkən bildirib.

H. Hacıyev Avropa İttifaqı adından danışan E.Şarmazanova ilk növbədə Avropa İttifaqının sənədləri ilə tanış olmağı tövsiyə edib: "Avropa İttifaqının Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin yekun Birgə Bəyannaməsində bütün Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Bəyannamədə deyilir ki, Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir. Bəyanatda Helsinki Yekun Aktı, ATƏT-in 1990-cı il Paris Xartiyası və Avropa İttifaqının Qlobal Strategiyasına da istinadlar öz əksini tapıb”.

H. Hacıyev bildirib ki, Aİ-nin Qlobal Strategiyasında dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı Avropanın təhlükəsizlik nizamının əsas elementləridir: "Bu prinsiplər Aİ üzv dövlətlərinə və Aİ sərhədlərindən kənar bütün dövlətlərə şamil olunur. (The sovereignty, independence and territorial integrity of states, the inviolability of borders and the peaceful settlement of disputes are key elements of the European security order. These principles apply to all states, both within and beyond the EU’s borders)”.

"Avropa Parlamenti tərəfindən 13 dekabr 2017-ci il tarixində qəbul olunmuş "Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti haqqında” qətnamədə Avropa Parlamentinin Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliklərinə sadiq olduğunu təsdiqləyir. II Dünya müharibəsi və faşizm işğalından əziyyət çəkmiş Avropa üçün ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığının təməl prinsiplər olması heç də təsadüfi deyil.

Ermənistan tərəfi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir və heç bir halda legitim hesab oluna bilməz”, - deyə XİN rəsmisi əlavə edib.

7news.Az

Xəbər lenti