Yağış “Azəravtoyol”un abırını bir də yudu

Yağış “Azəravtoyol”un abırını bir də yudu

Bu gün səhər saatlarından Bakıya güclü yağış yağmağa başlayıb.

7News.Az xəbər verir ki, güclü yağış şəhərin bir sıra mərkəzi və həmçinin kənar küçələrində nəqliyyatın, piyadaların hərəkətində problem yaradıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında martın 29-30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi ilə bağlı ötən gün xəbərdarlıq yayıb. 

Bir neçə gün öncə paytaxt yolları yağışın təsirindən gölməçələrə çevrilmişdi. Hər zaman olduğu kimi isə “Azəravtoyol” ASC-dən Bakı şəhərində avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətinin normal olduğu, heç bir problem müşahidə olunmadığı qeyd olunurdu.

Görünən mənzərə isə tam fərqlidir.

Redaksiyamıza Bakının mərkəzi küçələrindən, yeni salınan yollardakı vəziyyətlə bağlı videofaktlar daxil olmaqdadır. Videolardan da aydın olur ki, paytaxt yollarında vəziyyət olduqca bərbaddır. Yol infrastrukturuna külli miqdarda vəsait ayrılsa da görünən odur ki, yeyinti faktoru kifayət qədərdir.

Ya yollar standartlara uyğun çəkilməyib, ya da vəsait yeyintisinə görə keyfiyyət bir neçə dəfə aşağı düşüb.

Radio efirlərində də “Azəravtoyol” ASC-nin fəaliyyəti kəskin şəkildə tənqid olunub. Belə ki, aparıcı hal-hazırda Xətai rayonunda “Azəravtoyol” ASC tərəfindən yeni yolun salınmasında standartlara əməl olunmadığı iddia olunur. Qeyd edilir ki, “Azəravtoyol”un çəkdiyi yollar ən qısa zamanda yenidən ta sıradan çıxacaq. Buradan belə qənaətə gəlmək olar ki, “Azəravtoyol” yaxın gələcəyimizi də “zəhərləməkdə” davam edəcəkdir.

 

Təbii ki, yollarda gölməçələrin əmələ gəlməsində “xidməti” olan təşkilatlardan biri də  “Azərsu” Açıq Səhmdar Cəmiyyətidir. Artıq səhər saatlarından başlayaraq sosial mediada bu qurumun ünvanına kəskin tənqidlər səsləndirilir. Tanınmış jurnalist Azər Sarıyev isə “Azərsu” ASC-nin yarıtmaz fəaliyyəti ilə bağlı geniş şərh paylaşıb. Şərhi olduğu kimi təqdim edirik: “Bakı romantika şəhəridir. İllah da səhəri yağışla açıla. Bir az da maddiyatdan uzaq olaq, yağışın, AzərSU və şəhər rəhbərliyinin yaratdığı gözəl mənzərədən zövq alaq. “Azərsu” ASC-nin sayəsində Bakımızın əsas prospektlərindən olan Həsən Bəy Zərdabi prospektinin Sosial Müdafiə Fondunun qarşısından "Qələbə" dairəsinə qədər olan hissəsində bir kanal yaranmışdır ki, iki göz istər tamaşa etsin. 29 saylı marşrut avtobusunun gecikməsi nəticəsində bu gözəl və əsrarəngiz romantik mənzərəni seyr etmək xöşbəxtliyinə qovuşdum. Təsəvvür edin: Müqəddəs triadanın (BAkı İH-AzərSu-Yağış) lütfündən yaranmış kanal insanlara yolun bu tərəfindən o tərəfində keçməyə imkan vermir və adamlar lap kənddəki kimi "kanal"In içərisinə daş-kəsək ataraq onun üstündən keçib səkiyə çatırlar. Yadıma uşaqlığım düşdü, gözlərim doldu. Yaxud uzaq dağ kəndlərindəki kimi rezin uzunboğaz çəkmə geyinmiş ata övladını qucağına alıb "kanalı"n o biri üzünə keçirir. Ya da müqəddəs üçlüyün müqəddəs kanalının kanalizasiya tullantılarına qarışsa belə Qanqa çayı kimi qutsal və şəfaverici sularını sürətlə şütüyən maşınlar üzmüzə, üstümüzə sıçradır. İnsanlar islanmış çöl ördəkləri kimi sürücülərin arxasınca lap elə çöl quşları kimi qıyya çəkirlər. Necə də gözəldir! Bu təkrarsız təbiət-şəhər peyzajını seyr edərək ürəyində Sabir Rüstəmxanlının "Niyə o sahilə çata bilmirəm" misrasını zümzümə edərək yolun-kanalın o tayına keçmək barədə düşünmənin ləzzəti tam başqadır. Yetər ki, dünya malından, dollarından, kreditindən, yağından-ətindən əl götürüb bir az da gözəllikdən zövq almağı bacarasınız. Bir Ayvazovski lazımdır ki, yerli-prospekt kanalımızın ruhumuzu dincəldən dəli dalğalarını kətana köçürsün. Adam rəssam olmadığına görə, az qalır ki, Qurban olduğumdan inciyə.
Sabahınız xeyir!”

 

Xəbər lenti