Yunayted Kredit Bank əmanətçilərin mənimsənilmiş pullarını qaytarmır (ŞİKAYƏT)

Yunayted Kredit Bank əmanətçilərin mənimsənilmiş pullarını qaytarmır (ŞİKAYƏT)
Devalvasiyadan əvvəl Yunayted Kredit Bankın Gəncə filialıyüksək faizlə müştərilərə bankda əmanət yerləşdirmək üçün sərfəli xidmət təklif edib. Cazibəli təklifə aldanan çoxsaylı insanlar bu banka depozit yerləşdirib. Az sonra ölkədə bir il ərzində baş verən devalvasiya nəticəsində bank pulları əmanətçilərə geri qaytarmaqdan imtina edib və insanların pullarını mənimsəyib. 

Bu barədə Qaynarinfo-ya hüquq müdafiəçisi Həsən Həsənovməlumat verib. Hüquq müdafiəçisi bildirib ki, vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət ediblər. Lakin heç bir nəticəsi olmayıb. İş məhkəmədə baxılsa da, məhkəmənin hökmü əmanətçiləri qane etməyib. Narazılar əsasən təqaüdçü və səhiyyə problemi olan insanlardır. 2 il ərzində pullarını geri ala bilməyən əmanətçilərdən pulsuzluq ucbatından səhiyyə xidməti almaqdan məhrum olub dünyasını dəyişənlər də var. 
 


Şikayətçi vətəndaşlar bildirir ki, onlar pullarını banka etibar edib depozit yerləşdiriblər. Lakin Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü ilə bankda olan pulları mənimsəmiş əməkdaşlara qarşı hökm oxunub. Ləğv etmə prosesində olan Yunayted Kredit Bank isə vətəndaşlara bildirib ki, siz pullarınızı yalnız həmin əməkdaşlara qarşı iddia qaldıraraq ala bilərsiniz

"Əslində işin istintaqı da düzgün aparılmayıb. Belə ki, zərərçəkmişlərdən biri, Hüseynova Havva Rəşid qızı mərhum atası Rəşid Hüseynovun banka yerləşdirdiyi depozit məbləği 108.000 manat və 179.000 ABŞ dolları həcmində olub. Bununla bağlı prokurorluğa lazım olan sənədlər təqdim edilsə də, müstəntiq ümumiyyətlə dollar hesabını gözardı edib və ittiham aktında vətəndaşın dollar hesabında olan vəsait ümumiyyətlə gösərilməyib" deyə Həsən Həsənov bildirib.

Digər zərərçəkmişlər, Fərhad Cəfərov 3700 AZN, Fəridə Məmmədova 11.000 AZN, Nailə Zeynalova 8.000 AZN, Elçin İsmayılov 36.700 ABŞ dolları, Elnurə Sadıqova 11.000 ABŞ dolları, Xarçenko Pyotr 1.500 azn, Xarçenko Qalina 1.700 AZN depozit vəsaitləri mənimsənilib: "Onlar məhkəmədə bildiriblər ki, pulumuzu banka etibar edərək depozit yerləşdirmişik, biz bank əməkdaşlarını tanımırıq və onların bankda yol verdikləri saxtakarlıqların bizə heç bir aidiyyatı yoxdur. Lakin bank rəsmiləri vətəndaşların depozit vəsaitlərini qaytarmaqdan imtina edir. Həmçinin ləğvedici adı çəkilən zərərçəkmişlərin pul vəsaitləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək vəsaitlərin ödənilməsindən rəsmi qaydada imtina edilməsinə hüquqi don geyindirməyə çalışır". 
 


Növbəti məhkəmə prosesi 14 debabr 2017-ci il tarixə təyin edilib. İşə baxan hakim ləğvedicinin nümayəndəsini dinləmədən zərərçəkmişləri sorğu-suala tutub. Həsən Həsənov bildidirir ki, bu da prosessual pozuntudur: "Biz buna etiraz etdik və bildirdik ki, ilk növbədə ləğvedicinin arqumentlərini dinləyək. Hakim bildirdi ki, onlar bu dəfə hazırlıqsız gəliblər və növbəti dəfə onları dinləyərik. Bu zaman zərərçəkmilər ümumiyyətlə danışmaqdan imtina etdilər və prosesin təxirə alınmasını tələb etdilər". 

Qeyd edək ki, zərərçəkmişlər bütün dövlət orqanlarına saysız-hesabsız müraciətlər ediblər. Dəfələrlə Prezident Adminstrasiyasında olublar. Lakin məsələ ilə bağlı heç bir reaksiya müşahidə edilməyib.
 

Xəbər lenti