“Zaqatala aeroportunun açılışı şimal-qərb regionunun inkişafına böyük təkan verəcək” – Əhməd Şahidov video müraciət yayıb

“Zaqatala aeroportunun açılışı şimal-qərb regionunun inkişafına böyük təkan verəcək” – Əhməd Şahidov video müraciət yayıb

Əslən Qax rayonundan olan hüquq müdafiəçisi, Qax camaatının böyük rəğbətini qazanmış Əhməd Şahidov ötən gün Qax rayonunda səfərdə olarkən, növbəti video müraciət edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qax rayonuna son səfəri barədə məlumat verən hüquq müdafiəçisi bu səfəri Qax rayonu və ümumiyyətlə şimal-qərb regionu üçün çox əhəmiyyətli adlandırıb.

Belə ki, səfər çərçivəsində Prezident İlham Əliyev Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında iştirak edib, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun açılışını edib, Qax Aqroparkının açılışında iştirak edib və Qax şəhərində "Yurd Hotel” mehmanxanasının açılışını həyata keçirib.

Prezident İlham Əliyevin Qaxa bu dəfəki səfəri zamanı imzaladığı bir-neçə mühüm Sərəncamlar barədə məlumat verən Əhməd Şahidov Qax sakinləri adından ölkə başçısına dərin təşəkkürünü bildirib. Hüquq müdafiəçisi məlumat verib ki, ölkə başçısı Qax rayonunun Əlibəyli kəndində yeni ümumtəhsil məktəb binasının tikintisi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 216 şagird üçün nəzərdə tutulan yeni ümumtəhsil məktəb binasının tikintisi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq 1 milyon manat ayrılıb. Bundan başqa, Prezident İlham Əliyev Qax şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı növbəti mühüm bir Sərəncam imzalayıb. Sərəncama əsasən, Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılıb.

Qax rayonunda və ümumiyyətlə şimal-qərb regionunda yolların əsaslı təmir olunmasını xüsusi qiymətləndirən Əhməd Şahidov özünün və bütün Qaxlıların arzusunu da səsləndirib. Hüquq müdafiəçisi bildirib ki, Zaqatala Beynəlxalq Hava Limanının yenidən öz fəaliyyətini bərpa etməsi regionun inkişafına böyük təkan verəcək. Zaqatala aeroportunun işə başlaması Azərbaycan üçün bir çox baxımdan faydalı olacaq. Avropanın və dünyanın aparıcı lou-kost, yəni ekonom avia şirkətləri Zaqatala Beynəlxalq Hava Limanından uçuşlar həyata keçirsə, bu, Azərbaycan üçün çox böyük faydalar gətirəcək.

Bu, həm də "Made in Azerbaijan” brendinin dünyada daha geniş tanınmasına səbəb olacaq.Bütün sahələrdə Azərbaycana inanılmaz faydalı olacaq bu projenin yaxın zamanlarda işə düşəcəyini arzuladığını deyən Əhməd Şahidov ölkə başçısının şimal-qərb regionuna növbəti səfərində məhz Zaqatala Beynəlxalq Hava Limanının açılışını edəcəyinə inamını ifadə edib.

 

7News.Az

Xəbər lenti