“Ata, eşidirsən məni?"

“Ata, eşidirsən məni?

Əslən Mingəçevirdən olan qızıldan qiymətli bir dostum var. Düz 15 il vahiməli bir həyat yaşayıb və...düz 15 ildir hər dəfə onu dinləyəndən sonra nələrisə yazmaq istəmişəm. Amma “facebook” dostluğumda olduğu üçün qorxmuşam, daha doğrusu ehtiyat eləmişəm. Ki, sonradan qınayar məni. Ən azından məhrəm söhbətləri paylaşdığım üçün.
Dünən yenidən görüşdük. Bu dəfə elə bir həyat dərsi anlatdı ki, artıq yazmaya bilmədim. Üzrlü hesab eləsin. Bu dərsləri yazıya köçürməmək həqiqətən qeyri-mümkündür.

***
Haqqında bəhs etdiyim dostum Cahangir (ad şərtidir) son dərəcə doğru – dürüst, mərd, saf biridir. 21 yaşında evlənib. Universiteti bitirən kimi. Elə o gündən də qaynana qızının başına qaxanc olub ki, çulsuz-çuvalsız oğlana niyə ərə getdin. Və qızı ilə bərabər oğlanı da hədəf seçib. Beləcə drammatik günlər başlayıb. Nəhayətində isə 5 ildən sonra bu gənc ailə məhz qaynana hikkəsindən dağılıb.

Cahangir özü nəql edir: “Evliliyimizdən bir oğlum oldu. Nəfəs alırdim onunla. Bütün həyatımı oğluma və ailəmə hər eləmişdim. Sadəcə pulum az idi. Vəssalam. Amma acından da ölmürdük. 
Qaynanam isə əl çəkmirdi bizdən.Hər gün eyni tənələr, qızının başını doldurmalar, tovlamalar və s. Və...axır ki, məqsədinə çatdı. Biz boşandıq. Çün, qız da onun tərəfinə keçmişdi, artıq davam eləməyin heç bir mənası yox idi...

Əvvəl elə bilirdim, boşanmaqla bu zillətdən canım qurtaracaq. Yox, yanılmışammış. Davam elədilər. Oğlumu tamamən almaq, məni atalıq hüququndan məhrum eləmək üçün davam elədilər.
Günlərin bir günü polisdən zəng gəldi ki, keçmiş qaynananla həyat yoldaşını döymüsən, tez bölməyə gəl. Getdim. İzahat verdim. Allahdan bölmənin işçiləri insaflı adamlar idi, ekspertizanın da səhih aparılmasına çalışdılar və sonucda günahsızlığım üzə çıxdı. Demə, üz cırıqlarında dırnaq, sillədə isə əl izlərini müəyyən edən çox müasir texnologiya varmış.

Sonra adımı narkoman qoyub el aləmə car çəkdilər. Halbuki, heç siqaret belə çəkmirdim.

Daha sonra yaşlı anamı ard-arda telefon zəngləri ilə infarkt həddinə çatdırdılar. Arvadı zorla ölümün cəngindən ala bildik. Ən maraqlısi isə o idi ki, həmin yaşlı anam ölüm həddində belə mənə yalvarırdı ki, övladının anasına, onun ailəsinə pislik eləmə, qisas alma, Allah böyükdür, hər şeyi özü yerbəyer edəcək.

Ən sonda isə başladılar ora-bura məktublar, danoslar, iyrənc iftiralar yazmağa. SMS təhdidləri başlandı, oğlumdan əl çəkməyəcəyin halda dünyanı başıma dar edəcəklərini dedilər.

Və... dözməyib ölkədən getdim. Daha doğrusu başımı götürüb qaçdım. İlk öncə 6 ay əsəbdən müalicə aldım. Özümə gəlincə isə başladım (Rusiyada) xırda bizneslə məşğul olmağa, pul qazanmağa...

Bakı ilə maraqlandığım zaman isə keçmiş həyat yoldaşımın yeni ailə həyatı qurduğunu dedilər. Hətta bir qızı da doğulmuşdu. Amma dərhal da boşanma xəbəri gəldi. Daha sonra isə dövlət qurumlarından birində xadimə işlədiyini eşitdim...

Mən artıq maliyyə durumumu düzəltmişdim. Dostların köməyi ilə biznes dairəm günü-gündən genişlənirdi. Pula pul demirdim. Evimdə köməkçidən, xadimədən, sürücüdən belə hər şeyim vardı.

Dözmədim. Keçmiş həyat yoldaşıma kömək eləməyə başladım. Amma birbaşa kontakta keçməmək şərtilə. Oğlumun təhsilinə sərmayə qoydum. Bütün problemləri öz üzərimə aldım, bu qədər pisliklərə rəğmən oğlumun anasının xadimə işləməyini həzm edə bilmədim. Onu işdən çıxarıb öz himayəmə aldım.

Daha sonra keçmiş həyat yoldaşım iki dəfə böyrəyindən əməliyyat olundu, bütün xərcləri qarşıladım. Qardaşının başına iş gəlmişdi, ciddi bir borc üzərindən haqqında məhkəmə işi açılmışdı, həmin borcları ödəyib adamı həbsdən xilas elədim. Atası ağır bir avto-qəza keçirmişdi, ona da bir şəkildə kömək elədim.

Və...düz 20 gün öncə oğlum zəng elədi ki, “ata, nənəm ağır vəziyyətdədir, təcili Türkiyəyə aparılmalı, orda ürək əməliyyatı keçirməlidir. Çox az vaxt var. Sənə ağız açmağa kimsənin üzü qalmayıb.”

"Düşündüm. Bu dəfə çox düşündüm. Çünki söhbət həyatıma qaranlıq saçan, məni bədbəxt eləmək üçün əlindən gələni əsirgəməyən insandan gedirdi. Amma ən sonda anamın sözlərini xatırladım. Hər şeyin Allah tərəfindən yerbəyer olması haqda söylədiklərini...

Gecə ilə danışıqlara başladım. Arvadı Türkiyəyə gətirdilər. Ürəyində 3 dəfə açıq əməliyyat aparıldı. Və...möcüzə nəticəsində, dünya şöhrətli peşəkar həkimlərin sayəsində keçmiş qaynanam sağ qaldı...

Oğlum əməliyyatdan sonra mənə İstanbuldan telefon açdı: “ Ata, eşidirsən məni? Nənəm yaşayır. Sənin sayəndə yaşayır. Sən varsan deyə yaşayır. Düzdü, özünün hələ xəbəri yoxdu, bəlkə heç demədik də. Amma bil ki, sənə görə yaşayır. Anam utanır səninlə danışmağa. Amma mən səninlə fəxr edirəm, ata...!"

Yarım saat sonra yenidən zəng elədi: “Ata, sənə bayaq dediklərimi nənəm eşidib. Demə, narkozdan ayılıbmış. İndi kimsəylə danışmır. Başını yana çevirib durmadan ağlayır...”

P.S. Bütün pisliklərin yaxşılığa əyildiyi bir gün var. O günü gözləyəcək qədər YAXŞI olun...!!!

Elşən Musayev

7News.az

Xəbər lenti