Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun sədri Kristine Muttonenin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Türkiyədə səfərdədir.
A. Quliyev mətbuata açıqlamasında bildirib ki, nümayəndə heyəti avqustun 16-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman, baş nazir Binali Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşlər keçirib. A. Quliyev ümumilikdə hökumət üzvləri ilə keçirilən görüşlərin uğurlu olduğu qənaətindədir: “Prezident Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşdə də çox açıq və səmimi müzakirə apardıq. Türkiyə prezidentinə dəstəyimizi ifadə etdik, çevriliş cəhdini qınadıq. Türkiyə demokratiyasının qalib gəlməsini alqışladıq. Türkiyə vətəndaşlarının öz dövlətlərini və demokratiyalarını qorumaq üçün etdikləri fədakarlıqları yüksək qiymətləndirdik. Rəcəb Tayyib Ərdoğanla keçirdiyimiz görüş çox maraqlı və məhsuldar oldu. Rəcəb Tayyib Ərdoğan bizi tam əmin etdi ki, Türkiyədə insan haqları və qanunun aliliyi qorunacaq, məhkəmələr tərəfsiz olaraq obyektiv şəkildə bütün bu halları araşdıracaq. Günahı olanlara layiq olduqları cəza veriləcək, günahsız olanlar da azad ediləcək. Bu, bizim üçün mühüm bir məqamdır. Türkiyə hökuməti və prezidenti bütün proseslərin qanunun aliliyi çərçivəsində tətbiq ediləcəyini söylədi”. A. Quliyev ümumilikdə səfəri çox müsbət qiymətləndirib: “Beynəlxalq təşkilatlar arasında bu, Türkiyəyə ilk ən yüksək səviyyəli səfər oldu. Türkiyə xalqı və dövləti ilə həmrəyliyimizi bildirdik. Bu, Türkiyənin, demokratiyanın və ATƏT-in maraqları baxımından təsirli və faydalı səfər oldu. Bizim səfərimiz davam edəcək. QHT-lərlə, universitetlərin rəhbərləri ilə görüşlər keçiriləcək. Biz bu görüşlərdə onları da dinləyəcək və ATƏT Parlament Assambleyasının mövqeyini bir daha onlara çatdıracağıq”.
7news.az








