Çinin Milli Statistika Bürosunun məlumatına əsasən, 2015-ci ildə ölkə əhalisinin sayı 1,37 milyard nəfər olub.
7news.Az AzərTAC-a istinadən xəbər verir ki, 2020-ci ildə Çinin əhalisi 1,42 milyard nəfərə çatacaq. Bu barədə məlumat ölkənin 2016-2020-ci illər üçün 13-cü sosial-iqtisadi planının layihəsində yer alıb.
Plana əsasən hökumət ailədə ikinci uşaq siyasətini tam şəkildə həyata keçirəcək. Həmçinin Çin qadın və kişilərin sayında balansın pozulması ilə də mübarizə aparmaq niyyətindədir. Eyni zamanda, ailə planlaması, ana və uşaqlara münasibətdə səhiyyə sahələrinin fəaliyyət siyasəti də təkmilləşəcək.
Xatırladaq ki, 1970-ci illərin sonlarından Çin əhalinin sayına nəzarət etmək üçün “Bir ailə-bir uşaq” siyasəti həyata keçirməyə başlamışdı. Qanun şəhərdə yaşayan ailələrə yalnız bir uşaq saxlamaq icazəsi verirdi. Kənddə yaşayan ailələr isə ilk övlad qız olduğu təqdirdə, ikinci uşağı saxlaya bilərdilər. Lakin sonradan bu siyasət qadın və kişilərin sayında disbalans yaranmasına və əhalinin yaşlanması kimi demoqrafik problemlərə gətirib çıxarıb. 2015-ci ildə isə Kommunist Partiyası “Bir ailə-bir uşaq” siyasətindən vaz keçərək bütün ailələrə iki uşaq saxlamağa icazə verib.
7news.Az








