"İsa Həbibbəyli əməyimi mənimsəyir" - Mirzə Cəlilin nəticəsini tapan jurnalistdən ETİRAZ

Son günlər Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşirinin Azərbaycana gəlməsi gündəmin əsas mövzularındandır. AFN xatırladır ki, hər iki şəxsin ölkəyə gəlişininin AMEA-nın vitse-prezidenti, deputat İsa Həbibbəyli tərəfindən təşkil edildiyi bildirilir. İ.Həbibbəylinin böyük demokrat ədibin Polşada yaşayan nəvə-nəticələrinin də ünvanını əldə edərək, onlarla əlaqə yaratmaq üçün iş apardığı da verilən açıqlamalar sırasındadır.



Jurnalist Hafiz Əhmədov isə açıqlama verərək əslində C.Məmmədquluzadənin nəticəsini özünün tapdığını bildirib. Həmkarımız bununla bağlı ortaya fakt da qoyub. O, Mirzə Cəlilin nəvəsi - oğlu Midhət Cavanşirin Polşada yaşayan övladı Martin Cavanşirdən hələ bir müddət əvvəl götürdüyü müsahibəni yayımlayıb. Eyni zamanda jurnalist ölkə ictimaiyyətinə müraciət edərək gerçəkləri diqqətə çatdırıb. Onun müraciətini təqdim edirik:



"Həyatımda ilk dəfədir ki, sizə müraciət edirəm. Bildiyiniz kimi, aylar öncə görkəmli maarifçi Cəlil Məmmədquluzadənin Polşada yaşayan varislərini tapdım və müsahibə götürdüm. Varlıqlarından belə Azərbaycanda heç kəsin xəbəri olmayan bu varislərlə eksklüziv müsahibəmi HAFİZTİMES.COM adlı saytımda mən yayımladım. Onları tapmaq üçün aylarla oxuyub, araşdırmalar aparmışam. Həmin ailənin ən uzaq qohumları, qonşuları ilə əlaqə yaratmışam. Nəhayət aylar sonra Cəlil Məmmədquluzadənin varislərini facebook-da tapdım. Mesaj göndərdim. Mirzə Cəlilin adını ilk məndən eşidirdilər. O qədər təəcüblənirdilər ki... Mirzə Cəlilin nə qədər böyük şəxsiyyət olduğunu, məktəblərimizdə də onun haqqında öyrəndiyimizi yazırdım. Bir sözlə, böyük Mirzə Cəlili onlara mən təqdim etdim! Müsahibədə də özləri Azərbaycana gəlmək istədiklərini yazmışdılar. Çünkü onlara mən Azərbaycanın necə gözəl olduğunu yazırdım. Hər gün yazıb əlaqə saxlayırdıq. Müsahibə yayımlanandan sonra bir ay keçmişdi. Telefonu açdım 20-yə yaxın zəng gəlmişdi. "211" başlıqlı nömrədən. Yenə zəng etdi. Dedi Mən AMEA-dan alim İsa Həbibbəyliyəm. Düz yarım saat təriflər yağdırdı: "...Onların nömrəsini ver, adress, contact”. Elə şirin, mehriban danışırdı ki... Məndə də həqiqətən telefon nömrəsi yox idi. Dedi köməkçim Pənaha onlarım feyzbuk hesabını, email-lərini göndər. Mən də göndərdim! Nəhayət 10 gün öncə oxudum ki, bu şəxs onları Azərbaycana dəvət edib. Sağ olsun varislər özləri də yazmışdılar. Gözlədim ki, indi məni də dəvət edəcəklər bu görüşə. Axı onları mən tapmışam. Bu gün gördüm ki, bir dəstə kişi Xiyabanın önündə şəkillər çəkdirib yazıblar ki, "Mirzə Cəlilin varislərini İsa Həbibbəyli tapıb Azərbaycana gətirib”. Artıq 10 gün idi ki, bütün ölkə mətbuatı İsa Həbibbəylinin "uğur”undan yazırdı. Hafiz Əhmədovun adını bir yerdə də çəkən yox idi...
Mənim bütün əziyyətimi öz adlarına çıxıb, nüfuzlarını artırmağa xidmət edirdilər. İsa Həbibbəyli bir həftəyə Polşadan iki nəfəri xüsusi reyslə Bakıya gətirdi. Amma Hafiz Əhmədovu Tovuzdan Bakıya dəvət etmədi. Guya ki, telefon nömrəmi itiribmiş. Bəs o boyda AMEA-dan sizinlə bağlı hər gün mesajlar yazan işçiləriniz də itirmişdi nömrəmi, feyzbuk hesabımı?! Yazırdılar ki, "xahiş edirik, İsa müəllim sizinlə danışmaq istəyir...” Mirzə Cəlilin varislərinin ünvanını məndən öyrənəndən sonra hamısı yəqin mənim nömrəmi silib, onlarınkını qeyd ediblər...
Diaspora Komitəsinin rəhbəri Fuad Muradov da Polşada olanda varislərlə görüşmüşdü. Təbii onlara da mən ünvanı vermişdim! O zaman da heç bir mətbuat orqanı adımı qeyd etmədi. Hətta varis özü mənə yazdı ki, sənin haqqında Polşadakı "azərbaycanlı”lara məlumat verdik ki, "bizi Hafiz Əhmədov tapıb”, saytım barədə danışıblar. Bizim yerli "azərbaycanlılar” isə deyiblər ki, məni tanımırlar... Çox təəssüf...
Ey Azərbaycan xalqı! Sizdən xahiş edirəm ki, imkan verməyin mənim əməyimi başqaları öz adlarına çıxsınlar, imkan verməyin haqqımı tapdasınlar! Mən bu yazıları sizin üçün yazıram. İki ildir işsizəm. Nə milyonluq ofisim, nə maaşım, nə də Bakıda başımı sala biləcəyim bir daxmam, nə də "əməkdarlığım” var. Mən bütün bu araşdırma yazılarımı, müsahibələrimi Tovuzda ucqar bir dağ kəndində yazıram... Heç bir maddi qazancım yoxdur. Kənddə sahədə çalışıb axşamlar yorğun olsam da, bu araşdırmaları yazıram. Xahiş edirəm mənim yaradıcılığıma sahib çıxın. İmkan verməyin yazılarımı kimsə öz adına çıxsın.
Prezident İlham Əliyev hər dəfə gəncləri aktiv olmağa çağırır. Mən də iki ildir işsiz olmağıma baxmayaraq, Azərbaycan mətbuatı tarixinə qızıl həriflərlə düşməli olan 60 top araşdırma müsahibə yazmışam. Mirzə Cəlilin yubileyi ilə bağlı Prezident sərancam imzalayıb. Mən də ən dəyərli araşdırmanı edib müsahibəni yayımlamışam. Əhməd bəy Ağaoğlu, Hacı Zeynalabdin Tağıyev, Mirzə Fətəli Axundzadə ilə bağlı tarixi araşdırma müsahibələr hazırlamışam dünyadan... Amma heç kim "sağ ol, ay Hafiz Əhmədov” deməyib. Mən də Azərbaycan gənciyəm axı! Hələ bütün əziyyətlərimi, fəaliyyətimi "alimlər” öz adlarına çıxırlar. Budurmu, AMEA?! Budurmu, Azərbaycan elmi?!
Budurmu, gənclərə dəstək olmaq?!”
 
 
7NEWS.Az

Xəbər lenti