Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclərin fəal iştirakına nail olaq” devizi və çağırışı altında 15-19 noyabr 2015-ci il tarixlərində “Azərbaycanın 2015-ci il Gənclər Paytaxtı” – İsmayıllı rayonunda keçirilən “Gənclər Siyasətinin Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumu öz işini uğurla başa vurmuşdur.
“Gənclər Siyasətinin fəlsəfə və metodolgiyası: Azərbaycan təcrübəsi. Azərbaycanda Gənclər Siyasətinin hüquqi bazası və maliyyə resursları”, “qərar qəbuletmədə və icra prosesslərində gənclərin fəal iştirakçılığı”, “ gənclər siyasəti sahəsində hökumət strukturları ilə gənclər təşkilatlarının birgə əməkdaşlığı ” və “gənclərin beynəlxalq əməkdaşlıq və inteqrasiya imkanları” mövzularında panel müzakirələri keçirən Forum iştirakçıları sonda gənclərin fəal iştirakını, birgə əməkdaşlığını, Azərbaycanın Gənclər Siyasəti Modelinin təbliğini, əcnəbi ölkələrə transferini dəstəkləyən və bu istiqamətdə tərəfdaşlıq şəbəkəsinin qurulmasını nəzərdə tutan İsmayıllı Bəyannaməsini qəbul etdilər.
Layihə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən hədəf, istiqamət, nəticə və davamlılığı digər ölkələrə nümunə ola biləcək Azərbaycanın Gənclər Siyasətini bir Model olaraq beynəlxalq gənclər arenasında təbliğini, geniş sferada öyrənilməsini, təcrübi mübadiləsini, tətbiqi və bu sahədə əməkdaşlıq və tərəfdaşlıq imkanlarını nəzərdə tuturdu.
Beynəlxalq Gənclər Forumunun işinə İspaniya, Belçika, Polşa, Bolqarıstan, Macarıstan, Latviya, Xorvatiya, Türkiyə, Makedoniya, Bosniya və Herseqovina, Ukrayna, Moldova və Gürcüstan təmsilçiləri qatılmışdılar.
Layihə Azərbaycanın Gənclər Siyasəti Modelinin əcnəbi gənclərə təbliği, bu sahədə birgə gənclər əməkdaşlığı təşəbbüsü, Ölkə Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının və “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın müvafiq tədbirlər planınında nəzərdə tutulan fəaliyyətlərə yönəlməsi baxımından çox əhəmiyyətlidir.
İSMAYILLI BƏYANNAMƏSİ
Dünyada baş verən və həyatımızın bütün sahələrini əhatə edən dəyişikliklər, cəmiyyətin onündə gedən gəncliyin qarşısında yeni çağırışların meydana çıxmasına səbəb olur. Bu proseslər də nəticə etibarı ilə vətəndaş cəmiyyətinin ən fəal hissəsini özündə birləşdirən gənclər və onların təşkilatları üçün yeni hədəflərin müəyyən edilməsini və bu hədəflərdən irəli gələn vəzifələrin dəqiqləşdirilməsini, eyni zamanda gənclər siyasəti istiqamətində mövcud problemlərinin öyrənilməsi və tələbatlarının qiymətləndirilməsi üçün təminatların yaradılmasını zəruri edir.
Gənclərin ruh yüksəkliyi, fəallığı, iştirakçılığı onların cəmiyyətin problemlərinə ənənəvi həll yollarından fərqli olaraq daha yaradıcı və çevik yanaşmasına səbəb olur. Gəncləri yaşadıqları cəmiyyətin inkişafı prosesinə yaxından cəlb etmək, ölkənin gənclər hərəkatının davamlı inkişafını təmin etmək üçün gənclər təşkilatlarının fəaliyyəti və gənclərin bu təşkilatlarda fəal təmsilçiyi olduqca vacib əhəmiyyət daşıyır.
Post-sosialist məkanında gənclər siyasəti, gənclərlə iş, gənclərin fəal iştirakçılığı sahəsində uğurlu addımlar atılsa da, xeyli irəliyə doğru işlər görülsədə bu sahədə də bir çox problemlər qalmaqdadır. Təbii ki, bunların aradan qaldırılması işində gənclərlə işləyən hökumət strukturları ilə qeyri-hökumət gənclər təşkilatlarının birgə səmərəli əməkdaşlığı ilə yanaşı, müasir, öz effektivliyini hər sahədə göstərən, doğruldan, davamlı təcrübə və metodların öyrənilməsinə və tətbiqinə də böyük ehtiyac duyulur. Bu sahədə ən yaxşı modellərdən biri məhz Azərbaycanın uğurlu və davamlı Gənclər Siyasəti Modelidir.
Azərbaycan son vaxtlar dünyada, regionda multikulturalizmin, tolerantlığın və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən biri kimi qəbul olunmaqla yanaşı, dəqiq missiya, strategiya və hədəfləri olan və hər bir sahədə effektiv təsir və real nəticələri görünən Gənclər Siyasəti Modelinə də sahibdir. Azərbaycan beynəlxalq və regional gənclər platformaları tərəfindən milli gənclər siyasəti sahəsində güclü ənənələrə, təcrübə və potensiala malik ölkə, beynəlxalq gənclər işi və inteqrasiyası sahəsində əsas dialoq və əməkdaşlıq mərkəzlərindən hesab edilir.
Azərbaycan son illər BMT-nin 1-ci Qlobal Gənclər Forumuna, Avropa Şurasının “Nifrət Nitqinə Yox” Beynəlxalq Forumuna, Dünya Gənclərinin Məşğulluq Sammitinə və digər nüfuzlu beynəlxalq gənclər toplantılarına ev sahibliyi etmişdir. Bunlar təbii ki, yenə də qeyd olunduğu kimi Azərbaycanın uğurlu və davamlı gənclər siyasətindən irəli gəlir.
Son illərdə Azərbaycan çox sahələrdə mühüm uğurlar qazanmış, insan potensialının inkişafına görə “orta insan inkişafı ölkələri” qrupundan “yüksək insan inkişafı ölkələri” kateqoriyasına daxil olmuşdur.
Azərbaycanda “Dövlət Gənclər Siyasəti haqqında” Qanun qəbul olunmuş və uğurla icra olunmaqdadır. Hər bir 5 ili nəzərdə tutan “Azərbaycan Gəncliyi” Dövlət Proqramları hazırlanmış və hər bir mərhələ ardıcıllıqla, konkret hədəflər üzrə davam etdirilməkdədir. 10 ili əhatə edəcək “Azərbaycan Gənclərinin İnkişaf Strategiyası” ölkə prezidenti tərəfindən təsdiq olunmuşdur. Gənclərə yönələn 50-dən artıq normativ hüquqi aktlar və sənədlər qəbul olunmuşdur. Hər il Azərbaycanın şəhərləri arasında “ölkənin gənclər paytaxtı” seçimi keçirilir və seçilən şəhərlərdə gənclər sahəsində müxtəlif milli, regional və beynəlxalq layihə və tədbirlər təşkil olunur. Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncə şəhəri post-sovet məkanında ilk şəhər olaraq “2016-cı ilin Avropanın Gənclər Paytaxtı” seçilmişdir.
Bütövlükdə Azərbaycan dövlət gənclər siyasəti istiqamətində qeyd edilən və digər sahələrdə əldə edilən uğurlar nəticəsində dünyada “Gənclər Siyasətinin Azərbaycan Modeli” yaranmışdır. Və dünyanın digər ölklərində bu təcrübənin öyərnilməsi və tətbiqi istiqamətində müəyyən fəaliyyətlərin həyata keçirilməsini zərur edir. Artıq bu sahədə birgə təşəbbüs və əməkdaşlığın reallaşdırılması, konkret addımların atılmasını və Forum iştirakçıları olan gənclər təşkilatlarının və gənc liderlərininin gənclər siyasəti sahəsində Azərbaycan Modelini daha geniş arealda öyrənilməsi və tətbiqini nəzərdə tutan əməkdaşlıq şəbəkəsinin qurulmasını və davamlı fəaliyyətini zəruri edir.
Beynəlxalq Gənclər Forumunun iştirakçıları gənclərin fəal iştirakçılığının yüksəldilməsi və beynəlxalq əməkdaşlığının genişləndirilməsini özündə əks etdirən və 2015-ci ilin noyabrın 19-da Azərbaycanın İsmayıllı şəhərində keçirilən “Gənclər Siyasətinin Azərbaycan Modeli” adlı Forumun iştirakçıları aşağıdakı məsələləri özündə ehtiva bu Bəyannaməni – İsmayıllı Bəyannaməsini qəbul edir.
Biz – “Gənclər Siyasətinin Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumunda iştirak edən, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Türkiyə, Polşa, Bolqarıstan, Macarıstan, Xorvatiya, Bosniya və Herseqovina, Makedoniya, İspaniya, Belçika, və Latviya gənc liderləri və gənclər təşkilatları təmsilçiləri aşağıdakı məsələlərə dair Bəyannamə – İsmayıllı Bəyannaməsini qəbul edirik.
1. Biz Beynəlxalq Gənclər Forumunun iştirakçıları olaraq, Gənclər Siyasəti sahəsində Azərbaycan Modelinin öyrənilməsi və tətbiqini, gənclərin fəal iştirakçılığı, birgə əməkdaşlığı və tərəfdaşlığını özündə ehtiva edən İsmayıllı Bəyannaməsini dəstəkləyir və bu fəaliyyətləri alqışlayırıq;
2. “Gənclər Siyasətinin Azərbaycan Modelinin” öyrənilməsi və tətbiqi istiqamətində gənclər təşkilatlarının mədəni, sosial və vətəndaş təşəbbüs və layihələri sahəsində çoxtərəfli əməkdaşlığın həyata keçirilməsini, bu sahələrdə informasiya və təcrübə mübadilələrini dəstəkləyirik;
3. Azərbaycanda Gənclər Siyasətinin hüquqi bazası, maliyyə resursları, gənclər siyasətinin həyata keçirilməsində dövlət strukturlarının və qeyri-hökumət gənclər təşkilatlarının rolu, birgə əməkdaşlığı, gənclər siyasətinə dair qərar qəbuletmə və icra mərhələlərində gənclərin fəal sosial iştirakçılığı, gənclər siyasətində beynəlxalq əməkdaşlıq və inteqrasiya imkanları istiqamətlərində fəaliyyətləri alqışlayır və bunların digər ölkələrdə öyrənilməsini, tətbiqini zəruri hesab edirik;
4. “Gənclər Siyasətinin Azərbaycan Modeli”nin öyrənilməsi və tətbiqi üçün Beynəlxalq Gənclər Forumunun iştirakçıları olan gənclər təşkilatları və gənc liderləri tərəfindən (gələcəkdə digər təşkilatların da qoşulması açıq saxlanılmaqla) Əməkdaşlıq Şəbəkəsinin qurulmasını, onun davamlı fəaliyyətini və burada yaxından iştirakımızı bəyan edirik.
Bu Bəyannamə “Gənclər Siyasətinin Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumunda iştirak edən Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Türkiyə, Polşa, Bolqarıstan, Macarıstan, Xorvatiya, Bosniya və Herseqovina, Makedoniya, İspaniya, Belçika, və Latviya gəncləri və gənclər təşklatları təmsilçiləri tərəfindən qəbul olunmuşdur.
7news.az











