RU
18 min yeni iş yeri açılacaq
12:48
865

18 min yeni iş yeri açılacaq

İqtisadiyyat Nazirliyində Prezidenti İlham Əliyevin tapşırığına əsasən geniş kollegiya iclası keçirilib

7news.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan 11 apreldə keçirilmiş prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini toplayan Prezident İlham Əliyevin parlaq və inamlı qələbə qazandığını vurğulayıb

2017-ci ildə istifadəyə verilmiş Balaxanı Sənaye Parkının hazırda 11 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir, digər 6 rezident (polietilen və polipropilen tullantılarının təkrar emalı, yapışqan lent (skoç), biodizel üçün xammal, kömür (aktiv kömür), gübrə və yem, plastik tor, meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə) isə yaxın zamanlarda fəaliyyətə başlayacaq. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların BSP-yə göstərdiyi maraq nəzərə alınaraq, parkın ərazisi 8,3 hektaradək genişləndirilib.

 

Yüngül sənaye məhsullarının istehsalı üzrə ixtisaslaşmış Mingəçevir Sənaye Parkında 2018-ci ilin fevralında pambıq-poliester və iplik istehsal edən 2 fabrik istifadəyə verilib. Sənaye Parkında boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə də müəssisələrin yaradılması nəzərdə tutulur.

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı gəmiqayırma zavodu fəaliyyət göstərir və zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilər istehsal olunur.

Pirallahı Sənaye Parkında hazırda tikinti işləri aparılır və 3 müəssisəyə rezident statusu verilib. Azərbaycan-Rusiya birgə müəssisəsi olan əczaçılıq zavodunun layihələndirmə işləri davam etdirilir, müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı zavodunun açılışı bu ilin 4-cü rübündə gözlənilir.

Ölkədə ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsinin hazırda 9 iştirakçısı var və indiyədək burada yaradılan müəssisələrə 45 milyon manatdan çox investisiya qoyulub. Hazırda 225 nəfərin çalışdığı sənaye məhəlləsində rezidentlər tam gücü ilə fəaliyyətə başladıqdan sonra burada işləyənlərin sayı 500-ə çatdırılacaq. Bu il sənaye məhəlləsinin daha bir rezidenti – "Azprodukt” MMC-nin balıq emalı və konservləşdirilməsi müəssisəsi fəaliyyətə başlayacaq.

Masallı Sənaye Məhəlləsində tikinti işləri tam başa çatıb. Sənaye Məhəlləsinə sahibkarlar böyük maraq göstərirlər və onlar tərəfindən icra olunması üçün ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Artıq 2 sahibkar sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyata alınıb və hazırda digər layihələr üzrə təhlillər aparılır. Ümumiyyətlə, Masallı Sənaye Məhəlləsində ilkin mərhələdə ümumi dəyəri 7,1 mln. manat olan 9 layihə icra ediləcək.

Hacıqabul Sənaye Məhəlləsində həyata keçirilən tikinti işləri 2018-ci ildə başa çatacaq. Sənaye məhəlləsində reallaşdırılması üçün ağır maşınqayırma, xüsusi vaqonqayırma, kompozit materiallar, tikinti materiallarının istehsalı avadanlıqları, avtomobil və plastik məmulatların istehsalı zavodlarının yaradılmasına dair müraciətlər daxil olub. Daxil olmuş təkliflər araşdırılıb və "ATEF Sənaye Kompleksi” MMC və "Plassttech” MMC-nin Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı kimi qəbul edilməsi qərara alınıb.

Kollegiyanın sədri Şahin Mustafayev qeyd edib ki, 2018-ci ilin I rübündə sahibkarlara dəstək məqsədilə digər mexanizmlərdən də səmərəli istifadə olunub. Belə ki, investisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 241 sahibkarlıq subyektinə 271 investisiya təşviqi sənədi verilib. Bu layihələr nəticəsində yerli istehsala 2,5 mlrd. manat investisiya yatırılacaq, 18 mindən çox yeni iş yeri açılacaq.

Nazir Şahin Mustafayev Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və andiçmə mərasimində dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib. Kollegiya iclasında dövlət başçısının andiçmə mərasimindəki çıxışından irəli gələn tapşırıq və vəzifələrin icrasına dair xüsusi Tədbirlər Planı təsdiq edilib, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Kollegiya iclasında digər cari məsələlər də müzakirə edilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ