"Ryanair" aviaşirkətinin İspaniyanın Alikante şəhərindən Londona uçan təyyarəsindəki sərnişinlər səmada əyləniblər.
7News.az Daily Mail-ə istinadən bildirir ki, London sakini olan 2 yaşlı Luka Törner təyyarədə darıxıb.
O, atasının qucağından düşərək oturacaqlar arasında gəzməyə, qaçmağa, mahnı oxumağa başlayıb. Daha sonra o, stüardessalara sərnişinlərə çay və sərinləşdirici içkilər paylamağa "kömək" edib.
2 saatlıq "gərgin fəaliyyət"dən sonra Luka yorulub və yerə uzanaraq yatıb.
Sərnişinlər isə Lukanı yuxudan oyatmamaq üçün astadan danışmağa başlayıblar.
Lukanın anası, Londonun şimal-qərbindəki Mill-Hilldə yaşayan Karli deyib: "Oğlum hədsiz dərəcədə enerjiyə malikdir. O, bir yerdə oturmağı sevmir. Aviareyslərdə həmişə təyyarədə gəzişir, oynayır".
Sonucda Lukanın atası, ağır atletika məşqçisi olan 35 yaşlı Entoni oğlunu qucağına alıb. Amma Luka oyanıb və "Ata, yerdə yatmaq istəyirəm!" deyərək oturacağın qarşısına uzanıb, yatıb. Bacısı, 7 yaşlı İslanın onu oyatmaq cəhdləri də bir nəticə verməyib.


7News.az








