Suriyada əldə olunan atəşkəs razılaşmasına baxmayaraq qan tökülməkdə davam edir.
7News.Az xarici mətbuata istinadən bildirir ki, İraq Şam İslam Dövləti terrorçularına qarşı aparılan son uğurlu əməliyyatların sevincini yaşayan xalq ötən gün yenidən məyus olub. Homsda baş verən iki partlayış sülhün hələ üfüqdə görünmədiyini deməyə əsas verib.
Naməlum şəxslər içi partlayıcı ilə dolu avtomobilləri şiələrin sıx yaşadığı Əkrim məhəlləsində havaya uçurub. Partlayış o qədə güclü olub ki, qonşu Əl-Hadara məhəlləsindəki evlərin şüşələri çilik-çilik olub. Dağıntılar altında onlarla yaralının olduğu bildirilir. Bununla belə, ölü və yaralı sayı barədə dəqiq məlumat verilmir.
Baş verənlərə görə məsuliyyəti hələki heç kim üzərinə götürmür. Bununla belə, terrorun mahiyyəti və həyata keçirilmə üsulu İŞİD izinin olduğunu deməyə əsas verir. Hakim dairələr bu variantı daha məqbul hesab edir.








