Prezident “Bürc-Xəlifə” binası ilə tanış olub.
Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev fevralın 1-də Abu Dabidən Dubaya gəlib.
7news.az-ın məlumatına görə, prezident İlham Əliyev Dubaydakı məşhur “Bürc-Xəlifə” binası ilə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, dünyanın ən böyük göydələni olan “Bürc-Xəlifə”nin tikintisi 2004-2009-cu illərdə həyata keçirilib. 2010-cu ildə binanın möhtəşəm açılışı olub. Əvvəllər “Bürc-Dubay” adlandırılan 165 mərtəbəli bu möhtəşəm tikilinin hündürlüyü 828 metrdir. Binanın 150-ci mərtəbəsindən sonrakı hissələrinin tikintisində polad konstruksiyalardan istifadə olunub. Bununla da “Bürc-Xəlifə” dünyada ilk dəfə beton kütlə üzərində polad konstruksiyalardan istifadə olunan tikili kimi tarixə düşüb.
Dünya memarlığının nadir incilərindən olan “Bürc-Xəlifə”nin özəllikləri bununla bitmir. Əsas diqqət tikinti zamanı küləkdən qorunmaya yönəldilib. Dünyada ən hündürə qalxan və ən sürətli liftlər də bu binada işləyir.
“Bürc-Xəlifə”nin 158-ci mərtəbəsində dünyanın ən yüksəklikdə yerləşən məscidi, 76-cı mərtəbəsində ən hündür üzgüçülük hovuzu və 122-ci mərtəbəsində restoran fəaliyyət göstərir. Kompleksin daxilində otellər, evlər, ofislər və ticarət mərkəzləri yerləşir.
Binanın daxili məxsusi olaraq “Bürc-Xəlifə” üçün hazırlanmış ətirlərlə təravətləndirilir. Göydələnin şüşələri günəş şüalarının qarşısını alaraq daxildə optimal temperatur rejiminin saxlanmasına şərait yaradır. “Bürc-Xəlifə” öz möhtəşəmliyi ilə Dubayın yeni işgüzar hissəsinin rəmzi sayılır.
16:48
Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Abu Dabidə Şeyx Zayed məscidi kompleksini ziyarət edib.
Dövlətimizin başçısına məlumat verilib ki, məscid Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed ibn Sultan Əl Nəhyanın təşəbbüsü ilə inşa edilib. Onun məzarı da buradadır.
Prezident İlham Əliyev Şeyx Zayed ibn Sultan Əl Nəhyanın məzarını ziyarət edib.
Şeyx Zayed məscidi ölkənin ən böyük məscidi hesab edilir. Cümə və bayram namazlarında buraya gələnlərin sayının 40 min nəfərə çatdığı bildirilir. Məscidin nadir elementlərindən biri də əsas ibadət otağının xalçasıdır. Bu xalça dünyanın ən böyük xalçası sayılır. Ümumi sahəsi 5627 kvadratmetr olan xalçanın çəkisi 35 tondur. Məscid kompleksinin kitabxanasında İslam dininə aid bir sıra klassik nəşrlər, 200 ildən çox yaşı olan qəpiklər, xəttatlıq nümunələri var.
Məscidlə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev məscidin xatirə kitabına ürək sözlərini yazıb.
15:30
Fevralın 1-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub.
Görüşdən əvvəl Birləşmiş Ərəb Əmirliklərinin dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyana təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə dəvətə görə Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyana minnətdarlığını bildirib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi. Siyasi, iqtisadi, ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edildi. Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.
Prezident İlham Əliyev Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə və bu ölkədən Azərbaycana gələn turistlərin sayının artmasından məmnunluğunu ifadə edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparılıb. Dövlətimizin başçısı məlumat verib ki, uzun illərdir Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, bunun da nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Prezident İlham Əliyev bu münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə BMT Baş Məclisində münaqişə ilə bağlı qətnamənin qəbul edilməsində dəstəyə görə minnətdarlığını bildirib, Azərbaycanın da öz növbəsində BMT və digər beynəlxalq təşkilatlarda Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini dəstəklədiyini qeyd edib.
Görüşdə regional təhlükəsizlik məsələləri müzakirə edildi, əməkdaşlığımızın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.
Dövlətimizin başçısı Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanı Azərbaycana rəsmi səfərə dəvət edib.
15:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Abu Dabinin Prezident hava limanında dövlətimizin başçısını Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.
Sonra Abu Dabinin Prezident hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
7news.az








