Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda "VTB-Bank”ın prezidenti və idarə heyətinin sədri Andrey Kostinlə görüşü olub.
7News.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə "VTB-Bank” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi, bankın Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi qeyd olunub.
Söhbət zamanı Azərbaycanda bank sektorunun inkişafı, bu sahədə özəl sektorun fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyəti vurğulandı, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
12:19
Yanvarın 23-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Davosda "The Boston Consulting Group” şirkətinin prezidenti və baş direktoru Riç Lesser ilə görüşü olub.
7News.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Riç Lesser "The Boston Consulting Group”un rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində müxtəlif həll variantları işləyib hazırlayan qlobal şirkətlərdən biri olduğunu vurğulayaraq, Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
O, Azərbaycanda həyata keçirilən islahatları, yaradılan biznes mühitini və sürətli inkişafı dəstəklədiklərini bildirib. Riç Lesser həm dövlət qurumlarının, həm də özəl şirkətlərin fəaliyyətində, səhiyyə, icbari tibbi sığorta və digər sahələrdə daha yüksək idarəçiliyi təmin edəcək rəqəmsal həll variantlarına malik olduqlarını deyib.
Qeyd edilib ki, Azərbaycanda bu həll variantlarının tətbiqi həm yeni iş yerlərinin yaradılmasına səbəb olacaq, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi idarəetmə sistemlərinin daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək.
Prezident İlham Əliyev "The Boston Consulting Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluğunu bildirib. Dövlət başçısı Azərbaycanın müxtəlif dövlət və özəl şirkətlər ilə əməkdaşlığın, biznes mühitinə dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib.
10:59
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşüb.
7News.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Loik Tassel son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların müsbət nəticələr verdiyini vurğulayaraq qeyd edib ki, ölkədə yaradılan biznes mühiti və investorlar üçün şərait başqa şirkətlər kimi, "Procter and Gamble” şirkətini də Azərbaycanda öz fəaliyyətini genişləndirməyə həvəsləndirir.
"Procter and Gamble” şirkətinin Azərbaycandakı fəaliyyətinə toxunan Loik Tassel bildirib ki, şirkət təkcə istehlak mallarının satışı ilə məşğul deyil, eyni zamanda, ölkədə reklam bazarının inkişafına əhəmiyyətli töhfə verir. Azərbaycanın televiziya məkanında ən böyük reklam sifarişçisi olan şirkət müxtəlif sosial layihələrə, idman yarışlarına sponsorluq və digər dəstək tədbirləri həyata keçirməklə sosial məsuliyyət missiyasını da yerinə yetirir.
Loik Tassel bildirdi ki, "Procter and Gamble” şirkəti yaranmış biznes mühitindən istifadə edərək regionda fəaliyyətini genişləndirmək istəyir.
Bu məqsədlə Bakıda fəaliyyətini böyütməklə Orta Asiya və digər region ölkələrinə öz məhsullarının satışını artırmaq marağındadır. Azərbaycandakı mövcud biznes mühiti bu şirkətin regional mərkəz kimi Bakını seçməsinə səbəb olub.
Prezident İlham Əliyev Azərbaycanda yaradılan biznes mühiti, gömrük, vergi və digər sahələrdə həyata keçirilən islahatlardan danışıb. Dövlətimizin başçısı şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi barədə qərarların düzgün olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan dövlətinin investorlara, sahibkarlara bundan sonra da dəstək verəcəyini bildirib.
22.01.2019 22:31
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda "Signify” şirkətinin (keçmiş "Philips Lightning”) baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.
7News.Az xəbər verir ki, görüşdə Erik Rondolat təmsil etdiyi qurumun şəhər işıqlandırması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olduğunu vurğulayıb və hazırda Azərbaycanın aidiyyəti qurumları ilə birlikdə paytaxtın işıqlandırılmasına dair layihə üzərində iş aparıldığını qeyd edib.
O, layihənin pilot variantının yaxın bir neçə ay ərzində başa çatdırılacağı barədə dövlət başçısına məlumat verib.
Erik Rondolat bu layihə üzrə Azərbaycan tərəfi ilə birlikdə görülən işlərdən məmnunluğunu bildirib. O, Bakı şəhərinin bütövlükdə işıqlandırma sisteminin idarə edilməsi layihəsinin "Signify” şirkəti tərəfindən hazırlanaraq təqdim olunmasını təklif edib.
Prezident İlham Əliyev "Signify” şirkətinin nümayəndələrinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib. Dövlət başçısı Bakı şəhərinin işıqlandırılması sisteminin idarə edilməsinin təkmilləşdirilməsi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə müzakirələrin aparılmasının və müvafiq layihələrin hazırlanmasının önəmini vurğulayıb.
22.28
Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşüb.
7News.Az xəbər verir ki, Mişel Van Der Bel dünyanın aparıcı texnoloji şirkəti olan "Microsoft”un Azərbaycanda həyata keçirilən layihələrə dəstəyinin bundan sonra da davam etdirəcəyini vurğulayıb. Bildirib ki, dünya iqtisadiyyatının və sosial həyatın inkişafı nəticəsində müasir dövrdə süni intellekt məsələləri ön plana keçməkdədir. Yaxın onilliklərdə süni intellekt artıq bir çox peşələri əvəz edəcək.
Mişel Van Der Bel hökumətlərin və dövlətlərin süni intellekt erasına hazır olmalarının vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, bu prosesdə hökumət nümayəndələri, elmi dairələr və biznes qurumları bir araya gəlməli, süni intellekt dövrünə transformasiya üçün lazım olan proqramlar və digər layihələr həyata keçirilməklə süni intellektə əsaslanan peşələr üzrə çalışacaq insanlar və müvafiq mühit hazırlanmalıdır. Bu da bütövlükdə informasiya texnologiyalarının inkişafı ilə mümkündür.
Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən informasiya texnologiyalarının inkişafına və dövlət xidmətlərinin genişləndirilməsinə göstərilən dəstək haqqında məlumat verib. Bildirib ki, Azərbaycanda qəbul olunmuş dövlət proqramlarında, iqtisadi və sosial həyatın bütün sahələrində informasiya texnologiyalarının tətbiqi genişlənməkdədir. İnformasiya texnologiyalarının tətbiqi həm də yeni iş yerlərinin yaranması ilə müşayiət olunur. Bu da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Süni intellekt dövrünə hazırlıq üçün Azərbaycan hökuməti də müvafiq tədbirlər həyata keçirir.
Söhbət zamanı bildirilib ki, "Microsoft”un Azərbaycandakı təmsilçiləri ilə aidiyyəti hökumət və biznes dairələri birlikdə bu məsələləri müzakirə etməli, layihələr hazırlamalıdır. Hər iki tərəfdən belə layihələrin inkişafı üçün müvafiq dəstəyin göstəriləcəyi qeyd olunub.
20.46
Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevDavosda "Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşüb.
7News.Az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Dövlət başçısının həmçinin "Signify” şirkətinin (keçmiş "Phillips Lightning) baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.

7News.Az








