"Ötən il hərbi cinayətlərin 99,5 faizi açılıb”.
Bu barədə Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev "Respublika” qəzetinin bugünkü sayında dərc edilən məqaləsində qeyd edilib.
F.Əliyev qeyd edib ki, 2020-ci ildə Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb: "2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış cinayətlər ümumilikdə 36,1%, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri hərbi cinayətlər isə 18,6%, böyük ictimai təhlükə törətməyən cinayətlər 33,5%, az ağır cinayətlər 37,6%, ağır cinayətlər isə 39,9% azalıb.
2020-ci ildə qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin-qəsdən adam öldürmə cinayətlərinin, hakimiyyətdən sui-istifadə etmə cinayətlərinin, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətlərinin, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin və digər cinayətlərin dinamikasında 2019-cu illə müqayisədə azalma müşahidə olunub.
Prokurorluq orqanlarının fəaliyyəti dövlət səviyyəsində də yüksək qiymətləndirilmiş və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş 38 əməkdaş, o cümlədən Hərbi Prokurorluğun 9 işçisi Prezidentin 30 dekabr 2020-ci il tarixli sərəncamı ilə müvafiq olaraq orden və medallarla təltif ediliblər.
Qürur dolu 44 gün ərzində də prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları, istər xidmət yerində, istərsə də ezam olunduqları müvafiq ərazilərdə həm xidməti vəzifələrinin icrası ilə bağlı, həm də vicdanlı bir vətəndaş kimi üzərlərinə düşənləri layiqincə yerinə yetiriblər”.
7NEWS.Az








