Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 25 il ötür. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.
ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev 25 ildə qazandıqlarımıza görə Ulu Öndər Heydər Əliyevə borclu olduğumuzu dedi: "1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilir. Referendum bülleteninə bir sual yazılır: "Siz "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxır. 1992-ci ilin mayında Milli Məclistərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir. 18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir. Biz 25 ildə qazandıqlarımıza görə Ulu Öndər Heydər Əliyevə borcluyuq. Eyni zamanda Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət birmənalı şəkildə ölkəmizin regionda və dünyada nüfuzunun artmasına gətirib çıxardı. Hesab edirəm qarşıda hələ görüləcək işlər çoxdu. Ölkəmiz Prezidentin təşəbbüsü ilə dünyada gedən proseslərə adekvat islahatlar həyata keçirir. Ötən ay keçirilən referendum buna bariz nümunədir”








