RU
30 manata görə Bakıda vurulan:
11:45
527

30 manata görə Bakıda vurulan: "İşdi də oldu, cənab hakim, imkan varsa..."

Bakı Ağır Cinayətlər Məhkəməsində borcunu istəyən qonşusunu yaralayan Salman Məlikovun məhkəməsi keçirilib.

Məhkəmə iclasında Cinayət Məcəlləsinin 126.2-ci maddəsi ilə təqsirləndirilən S.Məlikov və zərərçəkmiş Ağatalıb Dadaşov ifadə veriblər.
Salman Məlikov bildirib ki, işlədiyi şirkətə 60 manat borcu olub: "Borcumun 30-nu verdim, qalanı qaldı. Sonra mən işdən çıxdım.

Hadisədən bir ay əvvəl Ağatalıb gəlib dedi ki, o yerdə qalan 30 manatı mənə verəcəksən. Dedim, yaxşı, amma indi imkanım yoxdur. Bir aydan sonra verəcəyimə razılaşdıq, həmin vaxt da Ağatalıb yenə gəlib pulu istədi.
Mən də dedim ki, 10 manat verə bilərəm və çıxarıb verdim. Dedim ki, Kərbəlaya ziyarətə getməliyəm, qalanını gedim-gəlim, verərəm. Ağatalıb dedi yox e, elə indi 20 manatı da verməlisən. Sonra üstümə gəldi, elə bildim, vuracaq, qorxdum.
Həyətdə yerdə olan gəmi lövbərini götürüb ona atdım. Qoluna dəydi, o yenə üstümə gəlirdi. Sonra qolundan dəydiyini görüb çıxıb getdi.

İttihamda yazılıb ki, mən oradan qaçmışam. Amma yalandır. Mən küçə ilə Ağatalıbın arxasıyla 60-70 metr getdim. Arxadan onu çağırıb soruşdum ki, nə oldu?
Sonra Ağatalıb evlərinə döndü, daha getmədim ki, atası çıxar, dava düşər. Evə gəlib bir azdan atamı onlara göndərdim. Gəlib dedi ki, xəstəxanaya yerləşdiriblər.

Hadisə olmuşdu 2014-cü ilin dekabrın 1-də. Mən də dekabrın 2-si, onu vurandan sonra ziyarətə getdim. Təxminən 16-17 gün sonra qayıtdım, Ağatalıbla görüşmədim, amma maraqlandım. Dedilər ki, xəstəxanadan çıxıb, yaxşıdır".

S.Məlikov dükanlara çörək paylayırmış və borcu Ağatalıbdan yox, həmin şirkətin nümayəndəsi Rahimdən alıb: "Bu məndən pulu istəyəndə dedim ki, səndən borc almamışam.
Mənim pulum var idi, amma ziyarətə getmək üçün idi. Evdə də kasıbçılıqdı. Atam ruhi xəstədir, 3 bacım var, bir balaca qardaşım. Anam da işləmir, evi mən dolandırırdım. İmkan yox idi".
Bundan sonra zərərçəkən Ağatalıb Dadaşov ifadə verib.

Bildirib ki, qonşusu olduğu üçün Salmanın şirkətə olan borcunu özü ödəyib: "Mən uzun müddətdi, həmin şirkətdə işləyirdim. Salman işdən çıxandan sonra məni onun ərazisinə verdilər.
Bir gün şirkətdə də məni çağırıb dedilər ki, Salmanın 30 manat borcu var, sənin qonşundur, de ki, pulu versin. Mən də dedim ki, yad adamın qonşumun evinə gəlməyi ayıbdır.
Çıxarıb onun 30 manatını verdim, dedim, daha qalanı mənlikdir. Sonra gəlib Salmana dedim, özü də razılaşdı.
Amma söylədi ki, imkanım yoxdur, dedim, yaxşı bir ay sonra verərsən. Həmin vaxt gələndə də dedi ki, Kərbəlaya gedəcəm, hamısını vermirəm.

Bu da məni əsəbləşdirdi, dedim, sən camaatın borcunu ver, sonra ziyarətə get. Əgər desəydi ki, başqa adam göndərir, 10 manatı da qaytarıb verərdim. Amma öz pulu ola-ola borcunu verməyib ziyarətə getməyi məni özümdən çıxartdı.
Qalan hər şeyi də özü olduğu kimi danışdı. Bircə məni arxadan çağırıb-çağırmadığını bilmirəm. Çünki özümdə deyildim, bəlkə də çağırıb. Mən onunla davaya getməmişdim, çünki ona uşaq kimi baxırdım. İnanmazdım ki, o məni vurar.
Bir də gördüm ki, məni söyməyə başladı, sonra da vurdu. Mən də çıxıb getdim. "Sportivni" kurtka geyinmişdim. Evə çatanda "zamok"u açdım, kurtkanın qolundan çoxlu qan töküldü.

Sən demə, qan axıb qoluma yığılıbmış. Çölə çıxmadığı üçün elə bildim azca əzilib. Amma həyətdə dizlərim boşaldı, özümdən getdim. Bir də gözümü açdım ki, reanimasiyadayam".

A.Dadaşov qonşusunu bağışladığını deyib: "Mən həmin vaxt əsəbi olmuşam, ona görə şikayət etdim. Amma sonra polisə də ərizə verib şikayətimi geri götürdüm. İndi də heç bir şikayətim yoxdur. Onun atası, anası yazıqdır.
Özü də yaxşı uşaqdır, içən-çəkən adam deyil. İşdir də, oldu, siz də, cənab hakim, imkan varsa, cavanlığına bağışlayın, güzəşt edin".

Məhkəmədə zərərçəkənin anası Sona Dadaşova da şahid qismində ifadə verib./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ