"Azərbaycanda indiyə qədər 460-a yaxın kənd və qəsəbədə sutəmizləyici qurğular quraşdırılıb. Bunlar əsasən Kür hövzəsində və digər su çatışmazlığı hiss olunan ərazilərdə - Samuxdan Neftçalaya və ya İmişlidən Füzuliyə qədər ərazini əhatə edir. Bu qurğuların əksəriyyəti indi də fəaliyyətdədir”.
7NEWS.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.
O qeyd edib ki, bu qurğuların bəzi hallarda işləməməsi müşahidə olunsa da, problem əsasən aradan qaldırılır: "Yavaş-yavaş su təchizatı sistemləri quraşdırılandan sonra bu qurğular mərkəzləşdiriləcək və kəndlərdən bu qurğular yığışdırılacaq. Bu və gələn ilin planlarında bunlar təsbit olunub. ETSN, "Azərsu” ASC və Səhiyyə Nazirliyi tərəfindən belə tədbirlər planı hazırlanır və yaxın vaxtlarda hökumətə təqdim olunacaq. Hansı yerlərdə bu qurğular işləmirsə, onlar müəyyən olunacaq və yeniləri ilə əvəzlənəcək. Lazım olmayan yerlərdən çıxarılacaq və zəruri olan yerlərdə quraşdırılacaq. Hazırda bu tədbirlər davam etdirilir”.
Nazirlik rəsmisi həmçinin əlavə edib ki, həmin qurğular 2007-ci ildə ETSN təşəbbüsü ilə quraşdırılıb. O zaman Kür çayı çirkləndiyindən həmin qurğuların quraşdırılması pilot layihə kimi əsasən Kür çayının aşağı axınında 50-yə yaxın kənddə quraşdırılıb. Sonradan isə bu say 460-a qaldırılıb. Məqsəd isə əhalinin keyfiyyətli suya əlçatanlığını təmin etmək idi.
7NEWS.Az







