Təsbeh dini ibadət zamanı istifadə edilən aksesuardır. Bəzilərinin isə əlində sadəcə vaxt keçirmək üçün bir əşya. Bu aksesuara xüsusi sevgi ilə yanaşan Tovuz sakini Qəzənfər Nəcəfov isə hətta maraqlı ideya da fikirləşib.
İslam aləmində zikr əşyası sayılan təsbeh müxtəlif forma, ölçü və rənglərdə olur. Təsbehlər əsasən 11, 33, 99 ədəd muncuqdan düzülür. Uzun müddətdi təsbeh ustası kimi tanınan Tovuz sakini Qəzənfər dayı isə 2 aşırımlı, 1026 ədəd muncuqdan, 5 metr 30 santimetr uzunluğunda bir təsbeh düzəldib. İşini böyük həvəslə görən Tovuz sakini hər muncuğa xüsusi incəliklə yanaşır. Qəhrəmanımız 1986-cı idə dostunun ona ilk dəfə təsbeh hədiyyə etdiyini və elə o vaxtdan da bu aksesuara qarşı xüsusi marağının yarandığını deyir. Qəzənfər dayı hazırladığı bu təsbehdə gözoxşayan rənglərdən və böyük ölçülü muncuqlardan istifadə edib.O, həssaslıqla yanaşdığı işində muncuqların rəng ahənginə və nizamına xüsusi fikir verir. Tovuz sakini əsasən ebanit, taxta bəzən də adını bilmədiyi bərk materiallardan olan muncuqlara müraciət edir.Təsbehin başlığı və son birləşməsi qırmızı palıd materialından hazırlanır. Təsbehdə iki yerdə arakəsmədən istifadə edilir. 1000-dən çox muncuqdan ibarət təsbeh düzəltmək niyyətini reallaşdıran Qəzənfər dayı indi onun uzunluğunu 10 metrə çatdırmağı düşünür. Bununla müsahibim bu işin peşəkarı olmaq istəyir./ttv
7news.az








