RU
7 rayon qaytarılmasına görə Rusiyanın şərti...
13:57
969

7 rayon qaytarılmasına görə Rusiyanın şərti...

Azərbaycanın bu şərtlər daxilində Avrasiya İttifaqına qoşulması ölkə iqtisadiyyatına müsbət təsir göstərər.

Bu sözləri Azərbaycanın işğal altında olan ərazilərindən yalnız Qarabağ ətrafındakı 7 rayonun qaytarılması qarşılığında rəsmi Moskvanın Bakını Avrasiya İttifaqına cəlb etmək istəyi haqda yayılan qeyri-rəsmi xəbəri şərh edərkən iqtisadçı alim Vüqar Bayramov deyib.

Ekspert hesab edir ki, iki mühüm şərtin yerinə yetirilməsi daxilində Azərbaycanın sözügedən qurumda yer alması ölkə üçün əlavə dividentlər deməkdir: “Əgər Azərbaycan Avrasiya İttifaqına qoşularsa, bu, ümumi daxili məhsulun əlavə olaraq 1,7 faiz artmasına gətirib çıxara bilər. Yəni hazırda ümumi daxili məhsulda 6 faizə yaxın artım müşahidə edilirsə, bu rəqəm 7,7 faizə qədər yüksələ bilər. Bu da birbaşa onunla bağlıdır ki, Azərbaycanın qeyri-neft ixracatının əhəmiyyətli hissəsi məhz Avrasiya İttifaqına üzv olan ölkələrin, xüsusilə Rusiyanın payına düşür. Azərbaycanın bu ittifaqa üzv olması qeyri-neft ixracatının artmasına səbəb olar. Azərbaycanın Avrasiya İttifaqında yer almamasının səbəblərindən biri gömrük siyasəti daxil olmaqla enerji siyasətinin koordinasiyası və bunun ittifaqa üzv olan ölkələrlə razılaşdırılmasıdır. Digər tərəfdən isə Azərbaycan Ermənistanın regional layihələrdən təcrid edilməsi siyasətini davam etdirir. Ermənistanın işğal etdiyi ərazilərdən geri çəkiləcəyi təqdirdə mən Azərbaycanın bu ittifaqa daxil olmasının tərəfdarıyam. Çünki bu həm Azərbaycan ərazilərinin işğal prosesinin başa çatmasına imkan yaradacaq, həm də qeyri-neft ixracatının inkişafına səbəb olacaq. Azərbaycan daha çox məhsul ixrac etdiyi üçün bu, ölkə iqtisadiyyatının diversifikasıyası ilə bağlı hədəflərə nail olmağa da əlavə imkan yaradacaq. Bu baxımından Azərbaycanın ittifaqda yer alması torpaqlarının işğaldan azad olunması təqdirdə məqbul variantdır”.

V.Bayramova görə, birliyə üzvlük məsələsində ikinci şərt olaraq Britaniya modelinin tətbiqi olduqca vacibdir: “Azərbaycan məsələ ilə bağlı rəsmi şərtlərini irəli sürüb. Ermənistan birdəfəlik işğala son verməlidir. Gömrük İttifaqında Azərbaycan heç vaxt ərazilərini işğal edən ölkə ilə bir yerdə ola bilməz. Bu, bir beynəlxalq standartdır. İqtisadi baxımdan daha məqsədə uyğundur ki, Avrasiya İttifaqına qoşulan zaman Böyük Britaniya modelindən istifadə edilsin. Çünki bu, bəzi məsələlərdə Azərbaycana iqtisadi suverenlik əldə etməyə imkan verəcək. Sözügedən quruma üzvlük ancaq 2 şərt əsasında yerinə yetirilə bilər. Birincisi, Ermənistan Azərbaycan ərazilərini işğalından tamamilə geri çəkilməli və Dağlıq Qarabağ daxil olmaqla yeddi rayon azad edilməlidir. İkincisi isə Böyük Britaniya modeli daxilində Azərbaycanın xarici iqtisadi siyasətlə bağlı müəyyən məsələlərdə koordinasiya edilməyən hüququ qorunmalıdır”.

Qeyd edək ki, Rusiya mediası Qarabağətrafı rayonların işğaldan azad olunması şərtilə Azərbaycanın Avrasiya İttifaqına cəlb edilməsi üçün Prezident Putinin plan hazırladığı ehtimalını irəli sürüb./sia

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ