Bir zamanlar təmtəraqla tanıdılan, Xırdalanda "şəhər
içində analoqsuz şəhər” kimi təqdim edilən "AAAF Park” yaşayış kompleksinın adı
artıq uzun müddətdir, problemlər və hətta kriminalla assosiasiya olunmaqdadır.
Təəssüf ki, bu gün "AAAF Park” yaşayış kompleksi sakinlərinin ən müxtəlif
məsələləri əhatə edən şikayətləri yerli medianın müntəzəm gündəmə gələn
mövzularından birinə çevrilib. Problemlər isə o qədər çoxdur ki, onları
konkretləşdirib ayırmaq asan deyil. Qısacası, sahiblərinin "Xırdalanın cənnəti”
epiteti ilə "bəzədikləri” "AAAF Park” haqqında müsbət fikir söyləmək imkansız
hala gəlib. Yeni il gecəsi belə kompleksdəki binalarda işıqların kəsilməsi isə
qeyd olunan neqativlərin "akkord”u sayıla bilər.
Sakinləri problemlər məngənəsindən buraxmayan "AAAF Park”ın adı yenə
gündəmdədir və bu dəfə məsələ heç də məişət xarakterli deyil. Söhbət "AAAF
İnşaat” MMC-nin sahibi Tofiqin Heydərovun bacısı oğlu Ruslan Xanverdiyevin
"AAAF Park” ərazisində kriminal şəbəkə formalaşdırmasıdır.
Bununla bağlı daxil olan məlumatlara görə, R.Xanverdiyev mərhum kriminal
avtoritet Rövşən Lənkəranskiyə simpatiyasını heç vaxt gizlətməyib və kriminal
şəxsin Abşerondakı ən yaxın adamlarından biri Ruslana məxsus idman zallarında
bir müddət məşqçilik edib və daha sonra narkotik ittihamı ilə həbs olunub.
Ancaq bu Xanverdiyevin "delo”sunda xırda bir detaldır. "Delo”su "zəngin” olan
Ağır Atletika Federasiyasının vitse-prezidenti olan bu şəxsin adıçəkilən
Federasiyanın prezidenti Cahangir Hacıyev (AZAL-ın rəhbəri) və mərhum prezident
Heydər Əliyevin nəvəsi Azərlə (Sevil Əliyevanın oğlu) olan fotoşəkillərindən
qarşı tərəflərlə dialoq zamanı şantaj məqsədi ilə yararlanmaqdan çəkinmədiyi
bildirilir.
Hazırda Ruslanın Lotu Qulinin yaxınları ilə
"salam-kəlam” etdiyi, özünə Gürcüstandan yeni ortaq tapdığı da
bildirilir.
Onun yeni şərikinin tikinti sektorunda "Aqlay Arif” kimi tanınan şəxs olduğu
bildirilir.
"AAAF Park”da gəzən söz-söhbətlərə görə,"AAAF İnşaat” MMC-nin sahibi Tofiq Heydərov da Ruslanın bu xidmətlərindən yararlanır və vacib "ayırdetmələr”i məhz ona həvalə edir. Qeyd olunur ki, özünün lazımlılığını başa düşən "razborşik” hətta Heydərovun özünü də qızışdıraraq, yanlış səmtə istiqamətləndirməyi bacarır və ona əlavə düşmənlər qazandırır.
Yayılan xəbərlərə görə, Heydərovla cənub
zonasının çox tanınmış "ağsaqqal”larından biri ilə "razborka”sında da
birincinin adından məhz həmin şəxs iştirak edib. O baxımdan, bütün gərgin
məsələlərdə önə verilən "razborşik”in Tofiq Heydərov üçün əhəmiyyəti "Ruslanı
mən saxlamasam, onu dəlik-deşik edərlər” sözlərindən bəllidir.
Ancaq "AAAF Park”da at oynadan sadəcə Xanverdiyev də deyil. "AAAF Park”ın
Xırdalanda bina tikdiyi bir çox torpaq sahələrinin sahibi də ərazidə qoçu
dəstəsi saxlayır. Bəzən bu qruplar kəllə-kəlləyə gəlir, bəzən isə birləşib
sakinlərə divan tuturlar.
Qısacası, kriminal xarakter alan "AAAF”daxili nüfuz müharibələrinin "çanağı” sakinlərin başında çatlayır. Çünki yaşayış kompleksinin çoxsaylı problemlərini həll etməli olanların başı hansı yolla olur-olsun, öz maddi sərvətlərini artırmağa qarışıb. Təəssüf ki, kriminal "razborka”ların qarşısı alınmasa, "AAAF Park” "lotu cənnət”inə çevriləcək… Elə Tofiq Heydərovun "mən prezidentin yerinə olsaydım” sözləri də vaxtilə iş adamı kimi ortaya çıxan bu şəxsin getdikcə, jarqonunun dəyişdiyini göstərir.
Anar Əlizadə
Yenicag.az










