ABŞ-da respublikaçı və demokrat namizədlər arasında keçirilən ilkin partiya seçkilərinin (praymeriz) növbəti mərhələsi əsas favoritlər – keçmiş dövlət katibi Hillari Klinton və milyarder Donald Trampın qələbəsi ilə başa çatıb.
7News.az RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, “super çərşənbə axşamı-2”, eyni zamanda, Marko Rubionun doğma Florida ştatında acı məğlubiyyəti və nəticədə mübarizəni tərk etməsi ilə yadda qalıb.
Hillari Klinton martın 15-də praymerizin keçirildiyi bütün 5 ştatda – İllinoys, Missuri, Ohayo, Şimali Karolina və Floridada qələbə qazanıb. Beləliklə də Klinton daha 353 nümayəndənin dəstəyinə yiyələnərək onların ümumi sayını 1594-ə çatdırıb. Vermont ştatından olan senator Berni Sanders isə bu raundda 247 səs toplaya bilib. Hazırda onun ümumilikdə 823 səsi var.
Son praymerizdən sonra Donald Tramp artıq 651 nümayəndənin dəstəyini əldə edib. Onun əsas rəqibi Kruz 395, Keysik isə 138 səs toplayıb. Respublika partiyasından ABŞ prezidenti postuna rəsmi namizəd olmaq üçün iyulun 18-21-də Ohayo ştatının Klivlend şəhərində keçiriləcək milli partiya qurultayının 2472 nümayəndəsindən azı 1237-nin dəstəyini qazanmaq lazımdır.
Beləliklə, Tramp artıq lazım olan səslərin yarıdan çoxuna yiyələnə bilib. Yerli analitiklər milyarderin hələ qələbəni təmin etmədiyini deyirlər. Onların fikrincə, biznesmen üçün ən çətin vəziyyət hər hansı partiya yoldaşı ilə təkbətək mübarizə zamanı yaranacaq. Rubionun mübarizədən kənarlaşması ilə milyarderin ən yaxın izləyicisi Ted Kruzun şansları artıb. Sonuncu artıq Trampın qələbəsinə yol verməmək üçün respublikaçıların bütün qüvvəsini öz ətrafında birləşməyə çağırıb.








