ABŞ-da tibb işçiləri Ag Evin qarşısında etiraz aksiyası keçiriblər.
"Anadolu” agentliyi xəbər verir ki, "Milli Tibb İşçiləri Birliyi”nin üzvləri aksiyada ABŞ-da koronavirusdan həyatlarını itirən həmkarlarının adlarını çəkiblər.
Sosial məsafəni qoruyan, maska taxan etirazçılar tibbi qoruyuculara böyük ehtiyacın olması ilə bağlı ABŞ Prezidenti Donald Trampa səsləniblər.
Onlar koronavirusdan ölən tibb işçilərinin şəkillərini qaldıraraq, "Əllərinizi yumaq üçün sərf etdiyiniz 20 saniyə "qəhrəman” qanını təmizləməyəcək” yazılan lövhələrlə etirazlarını bildiriblər.
ABŞ-ın "Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi”nin (CDC) açıqladığı məlumatlara görə, ölkədə doqquz mindən çox tibb işçisinə koronavirus diaqnozu qoyulub, 27 həkim isə virusdan ölüb. Ancaq ABŞ mətbuatı və bəzi tibb işçiləri birlikləri həqiqi sayın bundan daha çox olduğunu və kifayət qədər testin keçirilmədiyini iddia edirlər.








