ABŞ-də ölmüş hesab edilən qadın morqa gətirilib və onun qəfil dirildiyi məlum olub.
Qocalar evində tibb bacıları 74 yaşlı Nebraska sakini Konstans Qlantsın nəfəs almadığını gördükdən sonra onun öldüyünü güman ediblər. Qlantsın vəziyyəti ağır olub, o, hospisdə olub və tibb işçiləri ona palliativ yardım göstəriblər. İyunun 3-də səhər saatlarında onun həyati əlamətlərinin qeydə alınması dayandırıldıqdan sonra onun meyitinin morqa göndərilməsi qərara alınıb.
Lakin Qlants aparıldıqdan bir neçə saat sonra morqun işçisi qadının nəfəs aldığını görüb. O, təcili olaraq xəstəxanaya yerləşdirilib, ailəsinə də hadisə barədə məlumat verilib.
Polis araşdırmaya başlayıb və hələlik hər hansı protokolun pozulduğu məlum deyil. Qadının tam olaraq hansı xəstəlikdən əziyyət çəkdiyi və nə üçün hospisdə olduğu barədə məlumat verilmir.
Mənbə: NBC News








