Yaxın Şərqdə son həftələrdə artan gərginlik fonunda bağlanan İraq hava məkanı yenidən uçuşlar üçün açılır.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, İraq Mülki Aviasiya İdarəsinin yaydığı məlumata görə, ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəsdən sonra bu qərar qəbul edilib.
Qurumun açıqlamasında bildirilib ki, təxminən 40 gündür təhlükəsizlik səbəbindən bağlı saxlanılan hava məkanı bu axşamdan etibarən mərhələli şəkildə fəaliyyətini bərpa edəcək.
Xatırladaq ki, İraq hökuməti fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hücumlarını pisləyərək ölkə üzərindən uçuşları dayandırmışdı. Bu qərar regionda artan hərbi risklər və mümkün təhlükələr nəzərə alınaraq verilmişdi.
Mütəxəssislər hesab edir ki, hava məkanının açılması bölgədə nisbi sabitliyin yaranmasına işarədir. Bununla yanaşı, vəziyyətin hələ də həssas olduğu və proseslərin diqqətlə izlənildiyi vurğulanır.








