2016-ci il may ayının 8-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq aparılan tədbirlər çərçivəsində Ağcabədi rayonunun Aşağı Avşar kəndində məlumat əsasında reyd keçirib.
7News.Az xəbər verir ki, reyd zamanı Aşağı Avşar kəndi ərazisində qeyri-qanuni fəaliyyət göstərən 4 (dörd) ədəd: kənd sakinləri Şamil Məzahir oğlu Rüstəmova, Pənah Əvəz oğlu Mamedova, Cəmil Yunis oğlu İsmayılova və Taleh İbad oğlu Məhərrəmova məxsus heyvan kəsim yerləri müəyyən edilib.
Heyvan cəmdəklərindən müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Laboratoriyada aparılan müayinələr zamanı 2 nümunə xırdabuynuzlu heyvan ətində bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr zamanı isə 2 nümunə xırdabuynuzlu heyvan ətinin keyfiyyətsiz və baytarıq-sanitariya cəhətdən qida üçün yararsız olması müəyyən edilib.
Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 289.0.1. (baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə) və 289.0.2. (heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına) maddələrinin tələblərini pozduqlarına görə fiziki şəxs qismində hər dörd kəsim obyetinin sahibləri barədə inzibati protokol tərtib olunub və Ağcabədi rayon baytarlıq müfəttişinin qərar ilə onların hər biri 200 manat miqdarında cərimə ediliblər. Eləcə də Ağcabədi rayon baytarlıq müfəttişliyinin qərarları ilə qeyri-qanuni fəaliyyət göstərən kəsim yerlərinin fəaliyyəti müvəqqəti dayandırılıb.








