Ağdamlıların torpağını erməni əlindən alıb, pullarını isə icra başçısı mənimsəyir.
Ağdamlı müəllimlər icra başçısının əlindən "qan ağlayır".
Ağdamlı müəllimlərdən Ölkə.Az-ın redaksiyasına şikayət məktubu daxil olub. Ağdam rayonunda yerləşən məktəblərin müəllimlərin bildirdiyinə görə, onların maaşlarından müəyyən məbləğdə pul tutularaq rayonun "abadlıq işlərinə" xərclənir.
Adlarının hallanmasını istəməyən müəllimlərin yazdığına görə, maaşın dərəcəsindən aslı olaraq müəllimlərin aylıqlarından bəzən hər ay, bəzən də 2 aydan bir pul tutulur. Az maaş alan müəllimlərin maaşından 50 AZN, çox maaş alan müəllimlərin maaşlarından isə 100 AZN pul tutulur. Məktəb direktorlarının maaşından isə daha çox pul tutulur. Müəllimlərin Ölkə.Az-a verdiyi məlumata görə, məktəblərdə işləyən süpürgəçilərin və digər texniki işçilərin də maaşlarından "abadlıq" pulu tutulur.
Müəllimlər qeyd edirlər ki, maaşlardan tutulan pullar guya rayonun abadlaşmasına sərf edilir, ancaq rayonda icra başçısı Raqub Məmmədovun yol kənarına səki və yeni "Çay evi" tikdirməkdən başqa heç bir iş görmədiyi deyilir.
İcra başçısının abadlığı ilə öyündüyü yol kənarındakı park uzaq olduğu üçün isə ora heç kim getmir. "Çay evi"nin gəliri isə öz cibinə axır. "Çay evi" tikilərkən məqsəd ağdamlılara Ağdamdakı məhşur "Çay evi"nin nostaljisini yaşatmaq idi. Ancaq indi aydın olur ki, məqsəd insanların duyğusu ilə oynayıb pul qazanmaq imiş. Ağdam və ağdamlılar üçün görüldüyü deyilən bu iş əslində Raqub Məmmədovun cibi üçün nəzərdə tutulubmuş.
Müəllimlər hara şikayət edəcəklərini bilmədiklərini deyirlər. Yuxarı inistansiyalara yazılan məktublar rayonun poçtunda oxunaraq məhv edilir və içərisinə rayon rəhbərliyinə sərf edənlər yazılıb göndərilir.
Çox maraqlıdır, rayonların abadlaşdırılması, infrastruktur layihələri və inkişaf üçün dövlət büdcəsindən milyonlarla pullar ayrıldığı halda icra başçıları rayonlarda dövlətdən maaş alan xırda qulluqçuların, müəllimlərin və hətta süpürgəçilərin, adi şçilərin puluna niyə göz tiksinlər? Axı cənab Prezident öz ehtiyat fondundan hər il rayonların sosial-iqtisadi inkişafına milyonlarla pul ayırır. Bəs bu pulları icra başçıları hara xərcləyirlər? Nəyə görə müəllimin, süpürgəçinin, adi fəhlənin ayda aldlğl 200-300 manata göz dikirlər?
Xatırladırıq ki, bundan əvvəl Ağdamla bağlı "İcra başçısı dediyin "yeyər, sökər, dağıdar"" başlıqlı yazı dərc olunmuşdu. Yazıda təmir olunan küçələrin xərclərinin icra başçısının göstərişi ilə idarə müdirlərinə və iş adamlarına "yükləndiyi" barədə məlumat yer almışdı./olke.az
7news.az
Mövzuya qayıdacağıq...








