Ötən gün saytımızda “Salyan icra başçısının ŞOK FOTOLARI yayıldı - HƏR KƏS “PADİŞAH” DEDİ” başlığı ilə yazı dərc edilmişdi. Yazıda qeyd olunurdu ki, İcra başçısının ötən il Salyan şəhərində Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda ” Gül Bayramı ” zamanı çəkilən fotoşəkilləri sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilib. Belə ki, ötən il keçirilən tədbirdə salyanlıların qarşısında çıxış etmək üçün Heydər Əliyev parkına gələn icra başçısını məktəblilər qeyri-ənənəvi üsulla qarşılayıblar. Azyaşlılar icra başçısının başının üstünü güllərlə hörərək, padişahlar dönəmindəki qarşılama mərasimini gerçəkləşdiriblər.
Daha çox Şimali Koreyanın prezidenti Kim Çen Inın öz xalqı qarşısında çıxış edərkən görməyə örgəşdiyimiz bu görüntülərin Salyanda baş verməsi sosial şəbəkə istifadəçiləri tərəfindən də həm gülüşlə, həm də qəzəblə qarşılanıb.
Məsələ ölkənin bəzi televiziyalarında da geniş müzakirə mövzusu olub. ANS-də canlı yayımlanan “Deməsək, olmaz” verilişinin də 8 dekabr tarixli buraxılışı da məhz bu fotolara həsr olundu. Verilişdə iştirak edən tanınmış sosial media üzrə ekspert Cahid İsmayıloğlu icra başçısının ünvanına haqlı iradlar bildirib. Ekspertin bu iradları da sosial mediada yüzlərlə insan tərəfindən bəyənilərək paylaşılıb. C.İsmayıloğlu 7News.az-a açıqlamasında da məsələyə kəskin münasibət bildirib: “Sosial şəbəkələrdə yayılmış bu və ya bu kimi fotoşəkillər, video materiallar qısa bir vaxtda ictimai qınağın hədəfinə çevrilir. Nəyə görə bu kiçik bir fotoşəkil ictimaiyyəti bu qədər hiddətləndirir? Çünki, regionlarda özlərini "xan" kimi aparan icra başçıları, harınlamış, övladlarının ipini bir yerə yığa bilməyən məmurlar və bu kimi şəxslər artıq internetin, sosial şəbəkələrin bu gücü ilə hesablaşmalı, ya vəzifələrini səriştəli kadrlara təhvil verməlidirlər, ya da şəlpə-şülpəsin yığın gedib başqa işlə məşğul olmalıdırlar.”
7News.az məlumat verir ki, sosial şəbəkələrdə geniş müzakirə olunan mövzuya bəzi millət vəkilləri də münasibət bildirib. Sosial mediada aktiv fəaliyyəti ilə seçilən deputat Adil Əliyev hər kəsin müzakirə etdiyi fotolarla bağlı şərh paylaşıb. Şərhi olduğu kimi təqdim edirik:"Əziz dostar, araşdırmalarımdan sonra belə qənaətə gəldim ki, əgər mən və yaxud sizlərdən biriniz, rayonun icra başçısı olsaydıq, və bizə rayon gənclərinin belə bir təklifi gəlsəydi, yəqin ki bizdə o gənclərin təklifini qəbul edib, gül çələnginin altından keçməyə razılıq verərdik. Bu da o olardı ki, rayon gənclərinin gül bayramı ilə bağli verdiyi təklifin qəbulu. Əgər salyanlı gənclər gül bayramını özünə məxsus keçirirsə, qoy kecirtsin, əksinə burada sevinmək lazımdır ki, rayon icra başçısı gənclərlə bir yerdədir, burada nə böyük bir faciə olub ki, sosial şəbəkələrdə bu qədər müzakirə aparılır.. Təbii, bu mənim öz fikrimdir, hesab edirəm ki, müzakirəyə çıxarılasi və məsxərəyə qoyulası o qədər icra başcısı var ki..."
7News.az








