Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Serbiyanın Belqrad şəhərində keçiriləcək WAKO-nun Dünya Çempionatında Azərbaycanı təmsil edəcək milli komandanın üzvləri ilə görüşüb.
7News.az xəbər verir ki, millət vəkili görüşdə kikboksçulara uğurlar arzulayıb və onların son illər beynəlxalq yarışlarda yaxşı nəticələr əldə etdiklərini qeyd edib: “Kikboksçularımızdan uğurlar gözləyirik. Federasiyamızın böyük idmançı potensialı var. Ölkə rəhbərliyi tərəfindən idmanımızın inkişafına böyük dəstək verildiyi bir vaxtda kikboksçuların uğur qazanmamağı mümkün deyil. İnanıram ki, bu yarışda da dövlətimizi layiqincə təmsil edəcəksiniz”.
Qeyd edək ki, 24 oktyabr - 1 noyabr 2015-ci il tarixində Serbiyanın Belqrad şəhərində WAKO-nun kikboks üzrə Dünya Çempionatı keçiriləcək. Federasiya çempionatda Azərbaycanı 34 nəfərdən ibarət heyətlə təmsil edəcək. Bunlardan 25 nəfər kikboksçu, 9 nəfər isə nümayəndə heyəti olacaq.








