AGP qeyri-hökumət təşkilatı olub, Avropada 1987-ci ildən başlayaraq fəaliyyət göstərir. Fəaliyyəti əsasən gənclərin ictimai sferada, Avropa siyasətində aktivliyini artırmağa yönəlmiş təşkilat il ərzində 40.000-ə (qırx min) yaxın gənci müxtəlif tədbirlər vasitəsilə birləşdirir və Avropa Birliyi tərəfindən dəstəklənir.
AGP Azərbaycanda öz rəsmi fəaliyyətinə 2012-ci ildən başlayıb və bu müddət ərzində keçirdiyi tədbirlər vasitəsilə 1500-dən çox savadlı, intellektual gənci öz fəaliyyətinə cəlb edə bilib. AGP tamamilə qeyri-siyasi təşkilat olub Azərbaycan dövləti tərəfindən dəstəklənir. Buna misal kimi təşkilatımızın "ASAN Könüllülər" təşkilatı ilə bağladığı memorandumu, 2012-2016cı illər ərzində keçirdiyi tədbirlər zamanı müxtəlif universitetlərdən (BDU, Xəzər Universiteti, ADA universiteti və s.) və icra hakimiyyəti orqanlarından (Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Şəmkir Rayon İcra Hakimiyyəti) aldığı dəstəyi göstərmək olar. Tədbirləri ingilis dilində keçirilməklə əsasən hədəf kimi universitet tələbələri müəyyənləşdirilib. Daha ətraflı məlumatı (eypazerbaijan.org) saytından əldə etmək olar.
"AGP Azərbaycan" aprel ayının 27-si üçüncü Regional Sessiyasına start vermişdir. Seçilmiş yerli və Polşa,Almaniya,İtaliya,Litva,Belçika,Yunanıstan,İngiltərə,Rusiya,Ukrayna və Türkiyədən olan xarici tələbələrin iştirakçısı olduğu sessiya 4 gün davam edəcək və ümumilikdə 150-ə qədər gəncin iştirakı ilə həyata keçirilir. Sessiyanın ilk günü Zirə Mədəniyyət Mərkəzi - Eko Parkda baş tutmuş, ikinci və üçüncü günləri Zirə - 120 saylı orta məktəbdə baş tutacaqdır. Rəsmi açılış mərasimində tədbirin baş təşkilatçıları Rafael Hacıbəyli, Nigar İbrahimova və Ruslan Əliyev, bundan əlavə sessiyanın prezidenti Polşadan dəvət olunmuş Joanna Stachera öz çıxışlarında bütün iştirakçılara konfransın mövzusu haqqında ətraflı məlumat vermiş və onlara uğurlar arzulamışdır. Konfrans Avropa Birliyi və Azərbaycanda ətraf mühitlə bağlı problemlərə mövcud həll yolları tapmaqda yardım etmək məqsədi daşıyır. Yəni, təşkilatın təşkil etdiyi sessiyaların formatına uyğun olaraq, gənclər tədbir boyunca "Ekologiya", "Ətraf mühitin qorunması" kimi mövzuları müzakirə edəcək, mövzu ətrafında problemlər və həlli yolları tapacaq, sonda isə uğurlu olduğu təqdirdə təklif etdikləri qətnamə Baş Assambleyada qəbul olunacaq. Baş Assambleya adlandırdığımız tədbirin son günü Fairmont Hoteldə baş tutacaqdır.








