RU
Ahmet Nejat:
16:53
1048

Ahmet Nejat:

O, öz dünyasında yaşayan balaca bir uşaq kimidir. Onu xatırlayanda gözlərim önündə uşaqlarını sevən bir ata obrazı canlanır. Günlərdən biri idi. Saat 15:00 da biz onu Cihangir küçəsində yerləşən emalatxanada gözləyirdik. O dostlarını yola salmaq üçün hava limanına getmişdi. Yolda tıxac olduğu üçün gecikirdi. Bu səbəbdən də, rəssam görüşə gecikmişdi. Telefonla tez-tez əlaqə saxlayırdı. Və beləcə zaman keçdi. Qara rəngi, payız fəslini, rəssam Picassonu, Sank-Peterburq şəhərini sevən insan gəldi.

...
Qara eynək, qara nazik şarf, sol əli ilə siqaret çəkən insan bizimlə bir masada oturub söhbət etməyə başladı. Müxtəlif mövzulardan söhbət edə-edə müsahibəyə başladıq. Azərbaycan əsilli iranlı rəssam beş yaşından rənglərin sehirli dünyasında yaşayır. Onun üçün tablolarla söhbət etmək dünyanın bütün dəyərlərindən üstündür. Bu səbəbdən də "Eşq və heç" mövzusu onun rəsmlərində öz əksini tapıb. Rəssam Ahmet Nejadın əl işləri bu dünyanın maddi nemətlərindən uzaqda dayanır.

Nigar İsmayılqızı:

- Səssiz tablolar, rəngli fırçalar,emalatxana və bir rəssamın uşaqlıq illəri. Balaca Ahmed Nejadın uşaqlıq dünyasında nə baş veririb?

- Əslində, klassik bir fikirdir ki, mən bu sənətə uşaq vaxtımdan başlamışam. Beş-altı yaşımdan muzeylərdə, qalereyalarda gördüyüm rəsmlər diqqətimi çəkərdi. Əslində ailəm də bir az dəstək oldu. Məktəbdən etibarən mən rəsmlərə baxmağı daha çox sevdim. Sözündüzü kurslara gedib rəsm öyrənmək də istəmirdim. Nədənsə mən çəkdiyim şəkilləri tez sata bilirdim. Şəkillər satmaqla çox pul qazanırdım. Mən mühəndislikdə oxumuşam. Bununla yanaşı şəkildə çəkirdim. Gəncliyimdə rəssam olmaq çox da yaxşı qarşılanmırdı.

Topdan fırçalara doğru...

- Daha sonra bizim bir ustadımız var idi. Evimizə yaxın bir qalereyası vardı. Bir gün günortadan sonra gedib dedim ki, mən şəkillər çəkirəm, amma rənglərin tam mənasını bilmirəm. Onu da deyim ki, çox utancaq bir uşaq idim. Amma yenə o ustadın yanına getmək istədim və getdim. Həmin anda hər tərəf çox sakit idi. Ustadla bir daha söhbətləşdim, dedi ki, mənim yanıma kursa gəl, rənglərin sirrini öyrən. O zamanlarda mənim kursa gedəcək zamanım yoxdu, çünkü futbol oynayırdım. Daha sonra özüm-özümə rəngləri qarışdırdım, boyadım və onlara özüm ad verdim. (Gülür) Soğan qırmızı, pomidor rəngi, beləcə, nələrsə etməyə başladım...

Emin Ələkbərov:

- Bəlkə bizə İstanbulda qalmağınızla bağlı yadda qalan bir gündən söhbət açasınız. Əsil sənət həyatınıza hansı şəhərdə başladınız? Niyə məhz İstanbulda yaşamağa qərar verdiniz?

- Mən Tehran Gözəl Sənətlər Universitetinə gedib gəlirdim. Beləcə, həyatım öz axarı ilə davam edirdi. Təhsilimi davam etdirmək üçün qərar verdim. Əslində ağlımda həmişə İstanbul adlı belə bir şəhər olub. Həmişə bu şəhəri görmək istəyirdim. Bura gələndə də İstanbulu sevdim. Demək olar ki, iki ayın içində türk dilini öyrəndim. Bir gün Vyanada təhsil almaq üçün bu şəhərə gəldim. Əslində, İstanbulda qalmaq fikrim yox idi. Bir aylıq istirahət etmək istəyirdim və sonra Vyanaya yola düşməli idim. Vyanada mənim hər şeyim hazır idi, hətta məktəbim də hazır idi. İstanbulda həm şərq həm də qərb fəlsəfəsi var. Gözəl şəhər sərqlə-qərb arasında bir körpüdür. Bu səbəbdən də tarix qoxulu şəhərdə qaldım. Memar Sinan Universitetində təhsil aldım. Sizə onu da deyim ki, mən İranda qalıb yaşasaydım belə bir rəssam olmayacaqdım. Həqiqətən çəkdiyim şəkillərin hər birində İstanbulun mənzərəsi və enerjisi var. Xatırladım ki, İstanbulda çox yaxşı dostlarım var. Onların sənətə baxışları tam fərqli ola bilər. Amma çəkdiklərim tablolar onlara həyacan verir. Bu da məni bir rəssam kimi ikiqat sevindirir.

...İstanbul və əsl sənət həyatım

- Sonra İstanbulu sevdim. (Gülür) İstanbulu sevdim, ona görə ki, bir axşam dostlarla gəzməyə çıxdıq, dostlardan biri Amerikaya, bir isə Fransaya gedəcəkdi. Yoldan keçərkən binanın alt qatında “meyxanə” kimi bir yer gördüm. Oraya girdim, bir masada əyləşdim, orada orta yaşlı insanlar məni masalarına dəvət etdilər. Dedim, təşəkkür edirəm, burada rahatam. Onda dedilər ki, biz sənə tərəf qonaq gələk. Çox gözəl söhbətlər etdilər. Bundan sonra mən düşündüm ki, burada qalmaq lazımdır. Avropada belə mehriban, istiqanlı insanlar tapa bilməyəcəm. (Fikirləşir) O zamanlardan türklər yadımda səmimi,istiqanlı insanlar kimi qalıb. Beləcə, qərar verdim ki, mən İstanbulda qalmalıyam. Əsil sənət həyatıma İstanbulda başladım...

Nigar İsmayılqızı:

- Əlinizə fırça alıb rəsm tablosuna yaxınlaşanda hansı fəlsəfə ağlınızdan keçir? Ümumiyyətlə,sizi hansı mövzular çəkir?


- On beş ildir “Eşq və heç” üzərində çalışıram. Mənim üçün marağlı olan əsl eşqdir. Heç mənim üçün çox önəmlidir. Heçdə əbədilik, sonsuzluq var.Əgər bir insan heç fəlsəfəsi ilə yaşarsa demək ki, eqolarına yox deyib, həyatı gözəl, zövqlə ən əsası mənalı yaşayır. Heç sözünü başa düşən insan insansevər olur, ətrafa, topluma faydalı olur. Özünü böyük saymayan insan heç zaman yalan danışmaz. Heç kəlməsinə yaxınlaşan insan hər zaman xoşbəxt olar və ətrafa işıq saçar. Baxın bu gün dünyada bir çox müharibələr olur. Əslində bu müharibələrin kökündə insanların eqoları dayanır. Və bu eqolar toplu müharibəyə gətirib çıxarır. Düşünün bir insan nə qədər çörək yeyər nə qədər köynək geyinər? Həyata tam fərqli baxmağa çalışıram.

Eşq və heç! Heç və Eşq...


-Rəsmə başladığım zaman həyatı, insanı düşündürən rəsmlər çəkirəm. Məni həmişə insanın yaranış fəlsəfəsi düşündürüb. İnsan topraqdan gəldi, toprağa gedəcək mövzularından ibarət rəsmlər çəkmişəm. On-on beş ildir ki, “Eşq və heç” üzərində işləyirəm. Əslində, “Heç” eşqin ən üst mərhələsidir. Yəni, içində hər şeyi ifadə edən bir heçlik. Nədənsə “heç” yolunda gedən insan həyata daha fərqli baxır, kimsəni incitmir. Çox maddiyyatçı olmur... O, yalnız düşünər, həyata və insanlara insani keyfiyyətlərlə baxar. Bu səbəbdən də “Eşq və heç” üzərində işləmək mənə zövq verir. “Heç” qərb fəlsəfəsində sevginin ən üst qatıdır. Bu sevgi ilahi qata daha yaxındır. Heç sözünün dərinliyinə yaxınlaşdığımız zaman Allaha da yaxınlaşmış oluruq.

Emin Ələkbərov:

-İstanbulda günə necə başlayırsınız?

-Səhər qalxıram. Bildiyiniz kimi Beyoğlunun Cihangir küçəsində yaşayıram. Pəncərədən dəniz mənzərəsini seyr edirəm. Səhər naharı edirəm. Kitab oxuyuram. Uşaqlarımla oynayıram.(Gülür)

Nigar İsmayılqızı:

- Günün hansı saatlarında çalışırsınız?

- Çox çalışıram. Günorta emalatxanama gəlirəm. Qonaqlarım və dostlarım olur. Görüşlər bitir, axşam olur, fırçalara yaxın gedirəm. Rəsm bitənə qədər emlatxanada qalıb işləyirəm. Gecə saatlarında çalışıram. Bir işə başladımsa onu bitirməyə çalışıram.

Nigar İsmayılqızı:

- Dəli, dahi rəssam kimi tanınan Van Qoq və 8 yaşında ikən çəkdiyi rəsmi bir ömür böyu özü ilə saxlayan, qadınlara qarşı eqoist olan Pablo Pikasso rəssamlıq sənəti üçün nə qoyub getdi?

- Doğrudan da Van Qoq, Pikasso böyük rəssamlardır. Onlar sənət üçün çox şeylər ediblər. Mən Pikassoya fərqli baxıram. Pablo Pikasso günümüzün sənəti üçün çox önəmli adamdır. Mənə lazım olan onun əsərləridir. Pikassonun sənətə qoyub getdikləri ilə çox maraqlanıram. Pikassonu sevirəm... (Gülür)

Emin Ələkbərov:

- Hansı ölkələrdə sərgiləriniz keçirilib və hansı ölkələrdə əsərlərinizi təqdim etmək istərsiniz?

- Bir rəssam kimi nədənsə Türkiyədə və İranda çoxlu sərgilərim olub. Mənim sərgilərim Amerikada, Dubayda, Belçikada, Qətərdə, və başqa yerlərdə olub. Mənim bir at heykəlim var, boyu üç metrlikdi. Həmin heykəl Honkonqda sərgilənəcək. Fransada yeni bir sərgimin keçirilməsini planlaşdırıram. Çox istəyirəm Azərbaycanda sərgim olsun. Mən azərbaycanlıyam. Azərbaycana nə zaman dəvət edərlərsə, gəlib orada sərgi keçirərəm. Amma bu günə qədər heç vaxt dəvət almamışam. (Gülür). Qeyd edim ki, mənim ərdəbilli rəssam dostlarım Bakıya çox gəlirlər, orada sərgilər keçirirlər.

Neft zənginlik, qorxu və müharibədir!

- Dörd il öncə Əbu Dabida bir əsər satdım. O əsəri Dövlət Mədəniyyət Mərkəzinin direktoru aldı. 50-60 minə əsərlər satmışam. Yaxın günlərdə Honkonqdakı sərgidə qoyulacaq atın qiyməti 750-800 min dollardır. O at çox böyük olduğu üçün buradakı emlatxanada saxlaya bilmirəm. Atın ayaqlarında “Eşq və heç” yazmışam. Məndən neftlə bağlı bir əsər istədilər. “Yox” dedim. Əslində, sifarişlə işləməyi xoşlamıram. Sonra bir yazı göndərdilər, bu yazını oxuyandan sonra razılaşdım. Bu rəsm İranda və Amerikada sərgilənəcək. Bu dediyimiz rəsmdə neftin mənalarını açmışam. Neftdə zənglinlik var, gözəl yaşam var, amma bununla bərabər qorxu var, savaş var. Bir tərəfdən neft bizim dünyamızı zəngin edir, o bir tərəfdən həyatımıza təhlükə gətirir!

Nigar İsmayılqızı:

-Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?

-Təbrizdə böyük bir heykəl yapmağı düşünürəm. Elə bir abidə ki, uşaqlar onun altında oynaya bilsin. Bununla bağlı hazırlıq gedir.(Gülür)

Emin Ələkbərov:

-Həyat və insan haqqında fikirlərinizi öyrənmək istərdik. İnsan möcuddur. Sizcə mövcud olan insan nə etməlidir?

-İnsanın ruh halı tez-tez dəyişir. İnsan həyata bir dəfə gəldiyi üçün xoşbəxt olması üçün daim çalışmalıdır. Əsl insan kimsəyə zərər vermədən yaşamalıdır. Ruhunu yüksəklərə qaldırmaq üçün daim çalışmalı və yaxşı niyyətli olmalıdır. Maddi imkanları yaxşı olan insanlar maddi durumu çətin olan insanlara daim dəstək olmalıdır. Bu gün Suriyada baş verənlər məni bir rəssam, bir insan kimi pərişan edir. Xoşbəxt olmağım üçün bu baş verənlər məni narahat edir. Bəzi mənfi enerjilər bizim ruhumuza ziyan vurur. Bəlkə də, biz bunlar haqqında çox az düşünürük. Afrikada baş verən hər hansısa mənfi bir hadisə bizim ruh qatımıza təsir edə bilər. Ölkəni və insanları qorumaq üçün mədəniyyət vacib şərtdir. Mədəniyyət olunca insan daha rahat yaşamaqa çalışacaq. Öncə məna sonra maddə olmalıdır.

Sizin bu layihəyə uğur arzulayıram. İnanıram siz bunu bacaracaqsınız… Mən də bir rəssam kimi hər an sizə dəstək vermək istəyirəm. Və bu layihə ilə bağlı sizin yanınızdayam.(Gülür)

Rəssam Mövlanənin bu sözlərini sevdiyini dedi: İncidilsən də, incitmə…

Nigar İsmayılqızı: Lal tablolar mədəniyyətin özüdür…

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ