Avropa İttifaqı Ukraynada məsləhətçi hərbi təlim missiyasının yaradılması barədə qərar qəbul edib.
7NEWS.Az-ın xəbərinə görə, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Aİ ölkələrinin xarici işlər nazirləri ilə Brüsseldə keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
"Biz prinsip etibarı ilə Aİ ilə razılığa gəldik ki, təşkilat Ukraynada məsləhətçi hərbi təlim missiyasını işə salsın. Bunun təfərrüatları, əsas parametrləri və vaxt qrafiki hələ müzakirə edilməlidir, lakin əməkdaşlığımızda bu yeni səhifəni açmaq çox vacibdir", - Kuleba bildirib.
Aylardır müzakirə olunan bu missiya Ukraynanın sovet dövründən qalma metodlardan istifadə edən hərbi təhsil sistemini yeniləmək üçün məsləhətçilər cəlb edəcək.
Kuleba deyib ki, Aİ-nin Ukraynaya kömək etməsinin ən yaxşı yolu Rusiyaya Ukraynanın Avropanın bir parçası olduğu barədə aydın siqnal göndərməkdir.
7NEWS.Az








