İnformasiya və kommunikasiya texnologiyaları sahəsində xidmət göstərən "Caspian Telecom" MMC 4 min manat cərimələnib.
MMC-nin cərimələnməsinə səbəb şirkətə daxil olan "Ailə NET" internet provayderi tərəfindən göstərilən xidmətlərdə istehlakı hüquqlarının pozulması olub.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə protokol tərtib edilib. Şirkətə protokol tərtib edilməsinə səbəb bu ilin sentyabr ayında "Ailə NET" internet şəbəkəsində TP Link WİFİ routerlərinin dəstəklənməsində bir neçə günlük fasilənin yaranması olub. Abunəçilərdən biri ayın abunə haqqını öncədən ödədiyi halda şirkət tərəfindən WİFİ routerin dəyişdirilməsi təklif olunub.
Abunəçi buna etiraz əlaməti olaraq "Ailə NET"lə müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edib və ödədiyi vəsaitin geri qaytarılmasını istəyib. Lakin şirkət həmin məbləği ona qaytarmadığı üçün vətəndaş "Ailə NET"lə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edib.
Dövlət qurumun tərəfindən şirkət barəsində protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə "Caspian Telecom" MMC İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 4000 manat məbləğində cərimə edilib.








