Alimlər Evində mərhum oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü il dönümü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Alimlər Evi və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə millət vəkilləri, akademiklər və başqa şəxslər iştirak edib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Z. Əliyevanın keçdiyi həyat yolu haqda danışıb: “Zərifə xanım Əziz Əliyev kimi görkəmli ictimai xadimin ailəsində dünyaya göz açıb. O daima insanlara həssas münasibət göstərib. Mən Zərifə xanımı ailə qayğısı çəkən fədakar ana kimi xatırlayıram. Zərifə Əliyeva eyni zamanda, Azərbaycanın mübariz qadınlarından olub. Zərifə xanım Heydər Əliyevlə ailə həyatı qurduqdan sonra mürəkkəb, mürəkkəb olduğu qədər də şanlı bir həyat yaşayıb”.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, Z. Əliyeva bütövlükdə şərəfli və mənalı bir ömür yaşayaraq tibb elminin ən yüksək zirvəsinə ucalıb: “Onun müəllifi olduğu əsərlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Zərifə xanımın xatirəsi hər gün yad edilir. Ziyalı mühitində böyüyən Zərifə Əliyeva üçün atası Əziz Əliyev əsl mənada həyat nümunəsi olub”.
Tədbirdə çıxış edən millət vəkili, akademik Əhliman Əmiraslanov Z. Əliyevanın oftalmologiya elminə mühüm töhfələr verdiyini deyib./apa.az
7News.Az








