Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Başİdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb
Akif Çovdarovdan zərərçəkən İlham Qasımova hökm oxunub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, İlham Qasımov "Real” MTK-nın rəhbəri olub. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
İlham Qasımov rəhbərlik etdiyi şirkət tərəfindən tikilmiş yaşayış binalarında mənzilləri bir neçə şəxsə satmaqda, şəriklik etdiyi azərbaycanlı milyarder Gülağa Qəmbərova (Tənha) külli miqdarda maddi zərər vurmaqda təqsirləndirilir. İttihama görə, İ.Qasımov milyarderin 19,5 milyon dollarını mənimsəyib.
Məhkəmədə ifadə verən Gülağa Tənha da faktı təsdiqləyərək, İ.Qasımov tərəfindən aldadıldığını qeyd etmişdi.
Bildirək ki, İlham Qasımov MTN general olmuş Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınmış şəxslərdən biridir. Bakı Hərbi Məhkəməsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə məktub göndərilib. Məktubda qeyd edilir ki, İlham Qasımov "Akif Çovadarov işi”ndə zərərçəkmiş kimi tanınıb. //musavat.com
7News.az








