Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi bu gün tədbir keçirib.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev mərasimi açıq elan etdikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Əliqismət Lalayevlə yanaşı, Qarabağda doğulub boya-başa çatan, xalq artisti, prezident təqaüdçüsü Fatma Mahmudova, əslən ukranyalı olan, əməkdar artist Svetlana Bulax, əslən İrəvandan olan, dədə-baba torpaqlarından didərgin düşən, tanınmış jurnalist, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Qarabağ müharibəsi veteranı, əməkdar artist Əzizağa Əzizov, Azərbaycan gəncliyini təmsil edən, Musqili Teatrın gənc aktyoru Əmrah Dadaşov və başqaları çıxış ediblər.
“Erməni qəsbkarları, Ermənistanın əli qana batmış hakimiyyəti son hadisələr zamanı bir daha öz iç üzünü açıb göstərdi. Azərbaycanımızın 20 faiz ərazisini işğal edən, daima beynəlxalq ictimaiyyəti aldadan, yalan rəy formalaşdıran, mütəmadi olaraq atəşkəsi pozub mülki əhalimizi atəşə tutan düşmənə son günlər silahlı qüvvələrimiz tərəfindən layiqli cavab verilib. Nankor qonşularımız bu həqiqəti anlamalıdırlar ki, Azərbaycan xalqı gec-tez öz torpaqlarını geri qaytaracaq”, - deyə çıxışçılar bildiriblər.
7News.Az








