Uşaqların telefon, planşet və digər rəqəmsal cihazlarla erkən yaşlardan təmasda olması müasir dövrdə valideynləri ən çox narahat edən məsələlərdən biridir. Xüsusilə ekran qarşısında keçirilən vaxtın artması uşağın fiziki, psixoloji və sosial inkişafına təsiri ilə bağlı müzakirələri gücləndirir. Bəs, ekran istifadəsi hansı yaşdan riskli hesab olunur və ekran asılılığı uşaqların inkişafında hansı problemlərə səbəb ola bilər?
Mövzu ilə bağlı pediatr Elşən Tağıyev Demokrat.az-a bildirib ki, uşaqlarda ekran asılılığı müasir dövrdə valideynlərin ən çox narahatlıq keçirdiyi məsələlərdən birinə çevrilib.
"Bu gün demək olar ki, hər ailədə oxşar mənzərə ilə qarşılaşmaq mümkündür ki, uşaq ağlayır, ona telefon və ya planşet verilir və uşaq bir neçə saniyə ərzində sakitləşir. Bu üsul valideynlər üçün qısamüddətli rahatlıq yaratsa da, uzunmüddətli perspektivdə uşağın inkişafına müəyyən təsirlər göstərə bilər. Ekranın təsiri təkcə istifadə müddətindən deyil, uşağın yaşından, izlədiyi məzmundan və ekranın gündəlik həyatdakı rolundan da asılıdır. Xüsusilə həyatın ilk iki ili ən həssas dövr hesab olunur. Bu yaş mərhələsində beynin inkişafı çox sürətlə gedir və uşağın ətraf mühitlə canlı ünsiyyəti böyük əhəmiyyət daşıyır. Səs, hərəkət, üz ifadələri və fiziki təmas uşağın inkişafı üçün vacib elementlərdir. Ekran isə bu qarşılıqlı əlaqəni tam şəkildə əvəz edə bilmir. Çünki uşaq ekrana reaksiya versə də, ekran onun davranışına uyğunlaşmır və birtərəfli ünsiyyət yaradır”.
Pediatr bildirib ki, erkən yaşlarda müntəzəm ekran istifadəsi nitqin gecikməsi, diqqət müddətinin qısalması və yuxu problemləri ilə əlaqələndirilə bilər.
"Sonrakı yaş mərhələlərində ekran istifadəsi tamamilə qadağan edilməsə də, müəyyən çərçivələr daxilində olması vacib hesab edilir. Problem ekranın mövcudluğu deyil, onun uşağın həyatında digər fəaliyyətlərin yerini tutmağa başlamasıdır. Əgər ekran sosial oyunların, kitab oxumağın, ailə ünsiyyətinin və ya açıq havada fiziki fəaliyyətlərin yerini alırsa, bu zaman müəyyən risklər yarana bilər. Həmçinin uşağın ekran əlindən alındıqda həddindən artıq əsəbiləşməsi, aqressiv davranması və ya başqa fəaliyyətlərə maraq göstərməməsi artıq diqqət tələb edən əlamətlərdən sayıla bilər”.
Onun sözlərinə görə, məktəb yaşından sonra isə əsas məsələ ekran qarşısında keçirilən saatların sayı deyil, istifadə olunan məzmun və məqsəddir.
"Passiv şəkildə fasiləsiz videolar izləmək ilə öyrədici və interaktiv məzmundan istifadə arasında ciddi fərq var. Valideynlərin diqqət etməli olduğu əsas məqamlardan biri də uşağın gündəlik davranışındakı dəyişikliklərdir. Ekran olmadan narahatlıq hissinin yaranması, yuxu problemləri, real oyunlara və dostluq münasibətlərinə marağın azalması ekran istifadəsinin balansının pozulduğuna işarə edə bilər. Bu məsələdə qadağa yolu hər zaman ən effektiv üsul deyil. Daha faydalı yanaşma uşağa alternativ fəaliyyətlər təqdim etməkdir. Birgə oyunlar oynamaq, kitab oxumaq, açıq havada vaxt keçirmək və ailədaxili ünsiyyəti artırmaq uşağın diqqətini fərqli istiqamətlərə yönəldə bilər. Bununla yanaşı, hər uşaq fərqlidir və bütün uşaqlar üçün eyni qaydaları tətbiq etmək düzgün deyil. Valideynlər ciddi narahatlıq hiss etdikdə isə ən doğru addım uşağın vəziyyətini pediatr və ya mütəxəssislə müzakirə etməkdir”.








