“Cənab Prezidentin hər bir addımı, hər bir çıxışı düşmənə verilən mesajdır”
İşğalçı Ermənustanın aprel ayının ilk günlərində təmas xəttində yol verdikləri təxribat hərəkətlərindən sonra Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və bir neçə strateji əhəmiyyətli yüksəkliyinin ələ keçirilməsi cəmiyyətdə mövcud olan ruh yüksəkliyini bir qədər də qaldırmış oldu. Bunun ardınca Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuş hərbiçiləri fəxri adlarla təltif etməsi, yaralı əsgər və zabitlərə baş çəkərək onların vəziyyəti ilə tanış olması Azərbaycan əsgərində dövlətin, Ali Baş Komandanın onun arxasında dayandığı inamını bir daha təsdiqləmiş oldu. Bununla isstər sadə vətəndaşlar, istərsə də Silahlı Qüvvələrin əsgər və zabit heyətində bir əminlik yarandı ki, onun dayağı Azərbaycan dövləti və dövlət başçısıdır. Elə prezident-xalq vəhdəti, birliyini təmin edən əsas məqamlar da bundan ibarətdir. Həftə sonu isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə vətəndaşları, Silahlı Qüvvələrdə daha bir əminlik yaratdı. Belə ki, Ali Baş Komandan düşmıənlə ön xəttə, cəbhəyanı rayonlara səfər etməklə bir daha sübut etdi ki, dövlət, onun prezidenti, Ali Baş Komandan vətəndaş, əsgər və zabitin yanındadır, ona dayaqdır. Məlumat üçün qeyd edək ki, mayın 1-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar. Prezident İlham Əliyev və xanımı düşmənlə üz-üzə dayanan hərbiçilərimizlə görüşüb, döyüşdə, xidmətdə fərqlənən əsgər və zabitləri təltif edib, aprel əməliyyatları zamanı düşmən gülləsinə tuş gəlmiş yaralı əsgərləri görüşüblər. Həmçinin Prezident və xanımı ermənilərin raket zərbələri zamanı ziyan dəymiş evlərə də baxış keçirib, düşmənlə yaxın məsafədə yerləşən kəndlərin sakinləri ilə görüşüblər. Dövlət başçısının mümkün təhlükəni nəzərə almadan riskli addım ataraq düşmənlə cəmi 200 metrlik bir məsafəyə qədər getməsi isə Ali Baş Komandanın cəsarət, şücaət nümayişi kimi dəyərləndirilməlidir. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Analitik Təhlil Mərkəzinin rəhbəri, politoloq Azər Verdiyev də bu qənaətdədir. O, hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhəyanı rayonlara səfər etməsi, mümkün təhlükəyə baxmayaraq düşmənlə 200 metr məsafəyə qədər getməsi eyni zamanda işğalçı ölkə üçün də bir mesajdır. ASGA Analitik Təhlil Mərkəzinin sədri “OLAYLAR”-a verdiyi müsahibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın cəbhə xəttinə səfərinin cəmiyyətdə vətənpərvərlik hisslərinin artmasına da müsbət təsir göstərəcəyini deyib.
-Azər müəllim, həftə sonu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və xanımı Mehriban Əliyeva cəbhə xəttinə səfər etdi. Ümumilikdə cəbhə xəttində yaşanan gərginliklər fonunda dövlət başçısının bu səfərini necə qiymətləndirirsiniz?
-Dövlət başçısı həm də Ali Baş Komandandır. Bu gün ordumuzun əldə etdiyi bütün uğurlar da məhz Cənab Prezidentin əzmkarlığının məntiqi nəticəsidir. Bu səfərdə təəccüblü heç nə yoxdur. Sadəcə gərgin iş qrafikinə baxmayaraq prezident bir daha xalqın hər bir nümayəndəsi ilə həmrəy olduğunu sübüt etdi.
-Prezidentin bu səfəri Silahlı Qüvvələrə və yerli sakinlərə nə dərəcədə dəstək, dayaqdır?
-Əslində Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən bütün əməliyyatlar birmənalı olaraq cəbhə xəttində yaşayan əhali üçün stimul mənbəyi idi. Lakin sakinlərlə görüşə gəlmək, birbaşa təmas yaratmaq sözün hər mənasında sakinlər üçün dayaq oldu. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ağbirçək analara göstərdiyi isti münasibət heç kəsin diqqətindən yayınmadı. Hesab edirəm ki, Ali Baş Komandan və onun xanımının bu səfəri bütövlükdə ölkədə hökm sürən qələbə ab-havasına müsbət bir çalar qatdı.
-Prezidentin düşmənlə 200 metr məsafəyə qədər getməsi nə dərəcədə təhlükəli və riskli bir addım idi?
-Mən hesab etmirəm ki, burda bir təhlükə olsun. Digər bir tərəfdən isə Prezident İlham Əliyev erməni terrorçularının cavabını bundan da çətin məqamlarda verməyi bacarıb. Digər bir nüans ondan ibarətdir ki, qüdrətli Azərbaycan ordusu cəbhəyanı ərazilərin təhlükəsizliyini tam olaraq nəzarətdə saxlamağı bacarır və bacaraqcaq.
-Bu eyni zamanda işğalçı ölkəyə bir mesaj sayıla bilərmi?
-Cənab Prezidentin hər bir addımı, hər bir çıxışı, hər bir müraciəti birmənalı şəkildə düşmənə verilən şans və mesajdır. Aprelin əvvəlində baş verən hadisələr onu göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz cəmi 2 həftəyə torpaqları işğaldan azad etməyə hazırdır.
-Dövlət başçısı, Ali Baş Komandanın bu səfəri ölkədə, Silahlı Qüvvələrdə ruh yüksəkliyini bir qədər də artıra bilərmi?
-Bir qədər deməzdim. Bu orduda olan ruh yüksəkliyini birə beş artıracaq. Ordumuzun hər bir qulluqçusu, hər bir əsgəri onsuz da Ali Baş Komandanın əmrini gözləyir. Lakin bu cür səfər, bu tip görüşlər tək hərbçilərdə deyil, bütövlükdə cəmiyyətdə yüksək vətənpərvərlik əhval ruhiyəsi yaradır. Ən çox diqqətimi çəkən məqam isə azyaşlı uşaqların bir ağızdan "biz tərtərli balasıyıq, erməni deyilik ki, qorxaq" fikrilərini ifadə etmələri oldu. Bu da düşmənə olduqca vacib və mənəvi-psixoloji zərbədir.








