Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
7NEWS.Az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində futbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov ifadə verib.
Zərərçəkmiş şəxsin sözlərinə görə, evindən oğurluq edilən gün rayonlardan birində istirahətdə olub. Təqsirləndirilən şəxslər tərəfindən evindən 5 min manatlıq oğurluq edilib: "Evə qayıdanda qapının açıq olduğunu gördüm. İçəri daxil olanda yataq otağımda pastelin üstündə xüsusi ip gördüm. Evdən qızıl, şuba və saatlar aparıblar. Qanunun tələbinə uyğun olaraq dəymiş ziyanın ödənilməsini istəyirəm".
Sabiq futbolçunun "həmin gün evdə uşaqlar olsaydı, necə olacaqdı?" sualına alpinistlər "adam olan evə girmirdik", - deyə cavan veriblər.
Qeyd edək ki, Ceyhun Sultanov futboldan ayrıldıqdan sonra bir müddət "Neftçi" və "Keşlə" futbol klublarının idman direktoru olub.
Proses martın 10-da davam etdiriləcək.
Xatırladaq ki, ittihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.
Zərərçəkənlər arasında futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama əsasən, V.Mirzəyevə 167 min manat ziyan vurulub.
Oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
7NEWS.Az








