05 yanvar 2016-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən "Eko-tur-təbiəti öyrənək və sevək” adlı layihə çərçivəsində növbəti “eko-tur” Altıağac milli parkında keçirilib.
7News.Az xəbər verir ki, Milli parkda iştirak edən 20 nəfər gənci salamlayan layihə rəhbəri Aytəkin Nuriyeva bildirib ki, "Eko-tur-təbiəti öyrənək və sevək” layihəsinin əsas məqsədi gəncləri “eko-turlar” vasitəsilə milli parklarla tanış etməkdən, ətraf mühitin qorunmasında gənclərin rolunun artırılmasından və onların ekoloji bilik və bacarıqlarının inkişafından ibarətdir.
Layihə rəhbərinin çıxışından sonra, təlimçi tərəfindən gənclərə Altıağac və digər milli parklar barədə maraqlı elmi məlumatlar verilib və iştirakçı gəncləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılar arasında ekoloq gənclərin çoxluq təşkil etməsi layihəyə olan böyük marağın göstəricisidir. Altıağac milli parkını ekskursiya edən gənclər daha sonra istirahət məkanlarının birində nahar edərək birlikdə maraqlı zaman keçiriblər.
Layihə çərçivəsində sonuncu “eko-tur” Samur-Yalama milli parkında keçiriləcək.












