Duqlas Vissinq “Nyu-York Times”, “Vaşinqton Post”, “Los Anceles Times” və bir çox qəzetlərdə yazıları dərc edilmiş müstəqil jurnalistdir. O, Mərkəzi Asiya ilə bağlı (Əfqanıstan, Tibet) 8 kitab və Hindistana aid bir neçə məqalənin müəllifidir. Jurnalist indi də Azərbaycanla bağlı səyahət hekayələri yazmaq arzusundadır. O, Azərbaycan Xalça Muzeyinə ünvanladığı məktubunda belə qeyd edir: “Mən uzun zamandır Qafqaz bölgəsinə heyranam və etiraf edim ki, bu yerlər haqqında heç bir məlumatım yoxdur, heç bir zaman bu yerlərə səyahət etməmişəm. Ümid edirəm ki, tədqiqat zamanı çox dəyərli məlumatlar əldə edəcəyəm. Məni Bakıya, toxuculuq mərkəzinə qədər gətirib çıxaran başlıca amil oxucularımı Azərbaycan xalqı və bölgənin qədim mədəniyyəti ilə tanış etmək, qədim Qafqaz xalçalarını axtarıb tapmaqdır”. Azərbaycan Xalça Muzeyinin Mətbuat xidmətinin rəhbəri Fuad Rəsulun verdiyi məlumata görə, cənab Duqlas Vissinqi muzeyin direktoru Röya xanım Tağıyeva səmimiyyətlə qarşıladı. Muzeylə yenidən tanış olmaq istəyən qonağa Azərbaycan Xalça Muzeyinin Milli irsimizin və eksponatların qorunub saxlanılmasında, həmçinin dünyada tanıdılması üçün gördüyü işlərdən, L.Kərimovun muzeyin yaranmasındaki fəaliyyətindən, dekorativ-tətbiqi sənət sahəsinə həsr etdiyi üç cildlik “Azərbaycan xalçası” monoqrafiyasından, muzeyin direktoru Röya Tağıyevanın elmi fəaliyyətindən, Azərbaycan xalçalarını geniş əks etdirən kitabları, muzey eksponatlarının tarixi, Azərbaycan xalçalarının digər ölkələrdə toxunulan xalçalardan əsaslı şəkildə fərqlənməsi haqqında geniş və dolğun şəkildə məlumatlar verildi. Amerikalı yazar 2010-cu ildə "Azərbaycan Respublikasında ənənəvi Azərbaycan xalçatoxuma sənəti "YUNESKO-nun bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi” üzrə Reprezentativ siyahısına daxil edilməsini və ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə 2014 -cü ildə Azərbaycan Xalça muzeyin yeni binasının açılışı, Azərbaycanda xalça sənətinin ənənəyə çevrilərək müasir dövrdə də inkişafı barəsində olan məlumatları maraqla dinlədi. Xalça sənəti inkişafının digər bir qolu olan "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyinin fəaliyyəti haqqında, Azərbaycan milli mədəniyyət sərvətlərinin başlıca saxlam və mühafizə yerlərindən biri olan Azərbaycan Xalça Muzeyi milli adət-ənənələrimizi, maddi irsimizi, qədim xalça sənətimizin tarixi dəyərini və gərəkliyini gələcək nəsilə aşılamaq, onlarda bu sənətə hörmət və məhəbbət hissini yaratmaq məqsədi ilə yaradılan “Uşaq Muzeyi”, o cümlədən dövrünün sayılıb-seçilən, xalqımızın elm, mədəniyyət, incəsənət və ədəbiyyat sahəsinə öz töhfələrini verən Şuşalı Behbudovlar nəslinin görkəmli nümayəndələrindən biri olan Səltənətbəyim Behbudova həyatının və məşğuliyyətinin əsas tərkib hissəsi olan toxuculuqla məşğul olması, Qarabağa aid toxuduğu ecazkar xalçası və onun doğmaları tərəfindən muzeyə hədiyyə edilməsi xarici jurnalistin marağına səbəb oldu. Söhbət zamanı D.Vissinq ölkəmizə və xalqımıza, həmçinin ikinci dəfə olduğu Azərbaycan Xalça Muzeyinə rəğbətini və heyranlığını ürək sözləri ilə ifadə etdi.








