RU
Amid Əlioğlu
15:39
1647

Amid Əlioğlu

Bir gün,

duracam qarşısında toplayıb cəsarətimi.

 

O gün,

deyəcəm üzünə, nifrət etdiyimi.

 

Və “o gün” olmayan gün,

pıçıldayacam qulağına onu sevdiyimi…

 

***

Çoxmu şey istəyirəm?

Kölgən olmaq istəyirəm…

Hər addımda yaxın olub,

                       səni görə bilmək üçün.

Qalım “Günəş ümidinə”

                        muradıma yetmək üçün…

 

Əlin olmaq istəyirəm…

Yerə düşmək istəməyən

                          göz yaşını silim deyə,

Sənin olum, eybi yoxdur,

                          göstər məni əlin deyə…

 

Gözün olmaq istəyirəm…

Könlün verən “əmrləri”

                            yetirməməkçün yerinə,

Allahhaqqı odlanıram,

                            gözün baxanda birinə…

 

Sözün olmaq istəyirəm…

Bəlkə həmin vəsiləylə

                           səsin toxunar hüsnümə,

Bəlkə ondan sonra mənim,

                            yeni can gələr cismimə…

 

Qəlbin olmaq istəyirəm…

Yəni mənim yaşamağım,

                              sən yaşayan qədər olsun,

Zatən sənsiz həyat mənə,

                               Ölümdən də betər olsun.

             

 

Son  məktub!

 

Fətva vermək istəyir

                  ayrılığa ürəyim,

Söyləyir, sən məni, sevmirsən daha

Deyir ki, aşiqi ucuza satıb,

Guya ki, əğyarı tutmusan baha….

Bəlkə şeytan bu qəlbi girov götürüb,

Ya da istəmisən unudam artıq…

Şübhələr bağrımı lərzə gətirib,

Yağmağa dəm olan buludam artıq…

Əgər yalandırsa bütün olanlar,

Bəs niyə üzünü görməz olmuşam?!

                    adi bir xəbər də bilməz olmuşam?!

Söylə, nəyə görə bixəbərəm mən?

Həm sənin səsindən,

                               həm sorağından…

Halbuki, evinin hər qonağından,

Xəbərim olardı,əyan olardım,

                                hər bir əməlinə həyan olardım.

Odu ki, olmuşam qəlbimə məğlub

Verdiyi qərarla razılaşmışam.

Sevgimin adı var,özü dağılıb,

Qəlbimlə baş başa, tənha qalmışam….

Bəlkə oxuyarsan sən bu məktubu,

Ahu-zar içində, kədər içində

Bəlkə də, gülərək sən bu sevginin,

Deyərsən olmuşam hədər içində…

Yox!…bu qədər sadəcə olmamalıdır,

Axı necə olur, belə sevərkən

                        sevgini ən ülvi bir hiss bilərkən,

                                            can dilə gətirib,can eşidərkən….

İlk olmaq yerinə mən bu məktubu

“Son məktub” adıyla sənə yazıram,

Deyirəm yazmayım, ama nə çarə

                              qəlbimin əmriylə yenə yazıram…

 

***

Yağış yağır hər tərəfə…

Elə yağır, elə bil ki, yağammıyıb neçə ildi,

Düşünürəm,

 görən yağış içimdəki bu fəryadı hardan bildi?!…

Görən yağış hardan bildi, qəlb ocağım dağıdılıb?

Hardan bildi eşq alovu yandırıbdı ürəyimi, ürək suya həsrət qalıb?

 

Yağış yağır hər tərəfə…

Allahhaqqı elə yağır,

az qalır ki, öz kədərim yaddan çıxsın,

hər damcı tək suya axsın…

Az qalır ki, ürəyimi sındıranı bir andaca silim getsin,

hər damcı tək suda itsin…

 

Yağış yağır hər tərəfə…

Elə yağır, isladıbdı yeri-göyü,

Elə yağır, damcısına tab gətirmir həyətdəki palıd, söyüd…

Elə billəm göz yaşlarım yalan olub,

Elə billəm sevgi dünyam sarsılmayıb,

necə vardı qalan olub.

Elə billəm haqqsız yerə şişirdirəm,

Əslindəysə filan olub, falan olub…

 

Bəs bu yağış niyə yağır?!

 

Doğurdanmı yağan yağış,

elə mənim göz yaşımmış?

Doğurdanmı yağmayıb bir damcı belə?

Doğurdanmı göz yaşlarım səbəb olub sanki selə?…

 

Yağış yağır hər tərəfə…

Elə yağır, elə bil ki, yağammıyıb neçə ildi…

 

***

Yaz kimidir yalnızlıq,

İnsan isə bir ağac.

Çiçək açar günəşi görən kimi.

Fəqət, yağdımı leysan yağış,

Tökülər, qoxu saçmağa imkan tapmayan çiçəklər…

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ