RU
Anası ilə birləşib atasını öldürən oğulun cəzası dəyişdirilmədi
10:17
629

Anası ilə birləşib atasını öldürən oğulun cəzası dəyişdirilmədi

“Günümü qara eləmişdi”.

Sumqayıt Apellyasiya Məhkəməsində Xaçmaz rayon sakini Əmir Seyidovun (1997-ci il təv.) CM-nin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Xaçmaz RPŞ və prokurorluq əməkdaşlarının birgə istintaq-əməliyyat tədbirləri nəticəsində bu ilin yanvar ayında törədilən qətl hadisəsinin üstü martın 26-da açılıb.

Araşdırma zamanı qardaşının polis şöbəsinə etdiyi müraciətə əsasən itkin düşən Bünyad Seyidovun (1970-ci il təv.) həyat yoldaşı Şamama Seyidova (1976-cı il təv.) və Əmir Seyidov tərəfindən qətlə yetirilməsi və sonra xalçaya bükülərək həyətdə yerləşən ayaqyolunun quyusuna atılması məlum olub.

Dindirmə zamanı Əmir qətli törətdiyini boynuna alsa da, anası Şamama Seyidova ilkin olaraq ərinin ölümündən xəbərsiz olduğunu bildirib. O, hadisə baş verən vaxt qonşuda çörək bişirdiyini deyib və yalnız evə gələrkən oğlunun yoldaşını evə doğru apardığını görüb. Nə baş verdiyini soruşduqda Əmir əlində olan tüfəngdən ehtiyatsızlıqdan atəş açıldığını və sonuncunun qanitirmədən öldüyünü deyib.

Şamama oğlunun həbs olunacağından qorxduğu üçün ərinin meyitini gizlətməyi təklif edib. Cinayəti təsadüfən törətdiyini deyən Əmir Seyidov qeyd edib ki, atası hər gün içkili vəziyyətdə evə gəlib, onunla anasını təhqir edib və onlara əl qaldırıb. Həmin gün də onunla atası arasında bu zəmində münaqişə yaranıb və o, əsəbiləşdiyi üçün təklülə tüfəngi əlinə alaraq, Bünyad Seyidovu qorxutmaq istəyib və bu an atəş açılıb.

Qeyd edək ki, Şamama Seyidova qətli gizlətmək məqsədi ilə rayonda məlumat yayıb ki, güya əri işləmək üçün Rusiyaya gedib.

Məhkəmə prosesində Şamama Seyidova törədilən cinayətdən peşman olmadığını, Bünyadın onu qısqandığını və yüngül xasiyyətli qadın olduğunu düşünməsi evlərində daim dava-dalaşa yol açdığını bildirib.

“Hər dəfə sərxoş gələndə bu əsassız söhbətlərə görə məni döyürdü. Günümü qara eləmişdi. Bezdim və onu öldürməyə qərar verdim, heç olmasa həbsxanada rahat yaşayaram. Orada məni döyən olmaz”.

Təqsirləndirilən Əmir Seyidov ittihamlar üzrə özünü qismən təqsirli hesab edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şamama Seyidova 15, Əmir Seyidov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Hökmdən Əmir Seyidov apellyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini xahiş edib. 

Sumqayıt Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb. /oxu

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ