Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Elvin Əzimovun (1992-ci il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
7news.az xəbər verir ki, ötən il iyunun 3-də gecə saat 3 radələrində Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi, 1 ünvanında qətl baş verib. Hadisə yerinə cəlb olunnan Sabunçu RPİ və 13-cü polis bölməsinin əməkdaşları müəyyən ediblər ki, mənzillərin birində yaşayan Elvin Əzimovun anası Esmira Talıb qızını (1968-ci il təv.) bıçaqla qətlə yetirib, sonra isə özünü 3-cü mərtəbənin eyvanından ataraq, hər iki ayağını sındırıb. O, təcili tibbi yardım avtomaşını ilə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib.
İstintaqla müəyyən edilib ki, Elvin Əzimovla anası Esmira Əzimov arasında tez-tez ailə münaqişələri baş verib, əsəb xəstəliyindən əziyyət çəkən təqsirləndirilən şəxs psixotrop maddələr qəbul edib. Elə hadisə baş verən gecə də o, psixotrop maddənin təsiri altında olub, evə gec gəldiyinə görə anası bunu ona irad tutub, bu səbəbdən aralarında yenə mübahisə başlayıb. Toylarda musiqiçiliklə məşğul olan atası Elçin Əzimov adətən evə gec, yəni toy məclisləri bitdikdən sonra gəlib. Ayın 3-də gecə saat 2-də işdən qayıdan ev yiyəsi yaşadığı qapını döyməsinə baxmayaraq, qapını açan olmayıb. Həmin vaxt qapı arxasında ana ilə oğulun münaqişəsi qızışıb, Elvin mətbəxdən bıçaq götürərək anasının kürəyinə iki zərbə endirib, xəsarətlər alan qadın ona tərəf döndükdə isə kəsici aləti onun döş qəfəsinə endirib və nəticədə Əzimova kəskin qanitirmədən hadisə yerində keçinib. Bundan sonra etdiyi əməlini dərk edən Elvin evdən qaçmaq qərarına gəlib, o eyvana çıxıb və aşağa tullanıb, nəticədə o hər iki ayağını sındırıb. Xəstəxanada o polis nəzarətinə götürülüb.
İstintaqda, həm də məhkəmə prosesində anasını həyatdan məhrum edən təqsirləndirilən şəxs onu guya namus üstündə qətlə yetirdiyini bildirərək mərhumu şərləməyə çalışıb və özünə bəraət qazandırmağla, müdafiə xarakterli ifadələr verib.
Proseslərin birində Elvin Əzimov gizlətdiyi ülgüclə özünə xəsarət yetirməyə cəhd edib, lakin penitensiar xidmətin əməkdaşları və məhkəmə icraçıları onu tərksilah ediblər.
Zərərçəkən Elçin Əzimov oğlunun həqiqətən əsəbi olduğunu bildirmklə, ailələrində mübahisələr baş verdiyini təsdiq edib. Elvinin anası ilə bağlı verdiyi ifadəsinə gəlincə isə, zərərçəkən oğlunun yalan danışdığını deyib, o bildirib arvadı onkoloji xəstəlikdən əziyyət çəkib. Müdafiə tərəfinin vəsatəti əsasında təqsitləndirilən şəxsin barəsində kompleks məhkəmə-psixiatriya ekspertizası təyin edilib.
Ekspertizanın rəyinə görə, Elvin Əzimov anlaqlı hesab olunub, yəni öz hərəkətlərini idarə etdiyini dərk edib.
Məhkəmə hesab edib ki, Əzimovun anası barədə və hadisədən sonra özünü sui-qəsd məqsədi ilə eyvandan atması barədə verdiyi ifadəsi inandırıcı deyil.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Əzimov cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq E.Əzimovun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.













