DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Kosovo ilə qarşılaşacaq Türkiyə millisinin baş məşqçisi Fatih Terim oyundan öncə jurnalistlər qarşısına çıxıb.
7news.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bugünki qarşılaşmanı çox önəmli matç adlandırıb:
"Bizim çox önəmli oyunumuz var. Kosova ilə qarşılaşma ilə bağlı suallardan başqa heç bir suala cavab verməyəcəm. Ümid edirəm ki, qələbə qazanıb yolumuza davam edəcəyik. Oyundan sonra məndən nə istəsəniz, soruşa bilərsiniz. Son oyunlarda oyunuçlara da, bizə də təsir edən bir çox şeylər oldu. Sabah rahat bir qarşılaşma olacağı gözlənilsə də, elə olmayacaq. Qarşımızda sayqı duyulacaq bir rəqib var. Bizim də ən kiçik sıxıntıya dözümümüz yoxdur. Mən və futbolçularımız düşdüyümüz tələyə bir daha düşməməliyik”.
Terim təlim-məşq toplanışından razı qaldığını ifadə edib: "Özünü sübut etmək istəyən, daha yaxşı oynamağa çalışan bir rəqibimiz var. Təlim-məşq toplanışından razı qaldım. Hamı əlindən gələni edir, yaxşı hazırlaşır. Oyuna əla köklənmişik. Sabah da azarkeşlərlə birləşib yaxşı futbol göstərəcəyik. AÇ-2016-nın seçmə mərhələsinin startında 3 oyuna 1 xal almışdıq. Indi 2 xalımız var. Təbii ki, buna üzülməliyik. Amma biz güclü rəqiblərlə oynadıq. İnşallah, tarix təkrarlanar”.
"Ay-ulduzlular”ın çalışdırıcısı Arda Turan haqqında da danışıb. O, ulduz futbolçunun kapitan kimi meydana çıxacağını bildirib: "Bizim komandada kapitanlıqla bağlı problem olmadı və indi də yoxdur. Hazırda millidə ən çox oyun keçirən futbolçulardan biri Ardadır. Kapitan da Turan olacaq”.








