Bu kiçik çevrələrin hər birinin toplaşdığı məkanlar var. Bunlar adi çayxana, kafe və ya kiminsə kirayə qaldığı ev də ola bilər. Bu məkanların oxşarlığı əsasən təmtəraqlı olmaması, kasıbyanalığıdır. İmkanlı üzvlərin öz kiçik çevrələri və büdcələrinə uyğun toplaşdığı məkanlar da var.
Amma klub üzvlərinin ortaq yanları eynidir- hansı çevrədə təmsil olunmağından asılı olmayaraq, onların içində bir hüzn, bir çarəsizlik var.
Onlar hər şeyi anlayır, amma heç nəyi dəyişə bilmirlər.
Onlar gücsüzlükdən yox, çarəsizlikdən əziyyət çəkirlər.
Onlar qəribə bir çıxılmaza dirəniblər, nə geri yol var, nə irəli...
Adətən müzakirələr açmağı da sevmirlər, bu mərhələni çoxdan, illər əvvəl keçiblər. İndi onlar toplaşanda dilucu hal-əhval tutur, çay qurtumlayır, gözlərini bir-birindən yayındırıb, uzun müddət susqunluğa qərq olurlar. Bəzən kiminsə gözləri dolur, ağır bir kədər onun içini əzir, çiyinləri yığılır, yığılır, yığılır və birdən hönkür-hönkür ağlamağa başlayırlar. Hərdən ona qoşulan da olur, qoşulmayan da. Heç kim heç kimə təsəlli vermir.
Hərdən çoxlu içir, guya şənlənirlər...
Xorla mahnı oxumaqları da var, hansısa mahnını dinləyib hüzn içində susmaqları da.
Bu biryerdəlik sirli ayin kimidir, susqun and kimidir, bir vulkanın məsum körpə tumarı ilə sığllanıb ram edilməsidir, bir vəhşi aslanın başını balaca qızcığazın dizinə qoyub mışıl-mışıl yatmasıdır, qiyamət günü iki sevgilinin, dostun bir-birinə sarılmasıdır, hüznün, kədərin, çarəsizliyin özüdür...
Bu klubun nə rəhbəri, nə də yazılı qaydaları var. Hər şey özünə-özünə formalaşır. Bu kluba üzvlük nə müraciətlə, nə də dəvətlədir.
Bir də görürsən ki, sən onlardan birisən, onların içindəsən, başın kiminsə çiynində, kiminsə dizindədir.
Bir də görürsən ki, çiynini kiməsə söykəmisən və saatlarla susursan, susursan, susursan...
Çarəsiz olduğunu anladınmı - onlardan birisən...
Öz ağır kədərinlə hamıdan güclüsənsə...
Balaca oğlunun, qızının, ananın, sevgilinin hər şeydən xəbərsiz və məsum üzündəki təbəssüm hər şeyi, hər kəsi məğlub edəcək bir gün deyə inanırsansa...
... onlardan birisən!
Sən də, sən də, sən də çarəsizsən, dostum!
Xoş gəldin aramıza...//qaynarinfo
7News.az








