Musayev arvadının naməlum şəxslə telefonla danışmasından şübhələnib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdaş rayon sakini Vüsal Musayevin (1985-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
7news.az xəbər verir ki, bu il aprelin 28-i gecə saat 2 radələrində Sabunçu rayonunun 1-ci Zabrat qəsəbəsində X.Vəliyev küçəsindəki fərdi evdə Vüsal Musayev həyat yoldaşı Zakirə Məmmədovanı (1986-cı il təv.) bıçaqlayaraq qətlə yetirib. Aldığı xəsarətlərdən qadın hadisə yerində dünyasını dəyişib.
Daxil olan məlumatla əlaqədar hadisə yeri Sabunçu RPİ 15-ci polis bölməsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunub. Şübhəli şəxs qismində saxlanılan şəxs cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.
Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Z.Məmmədovanın ölümünə aldığı altı ədəd deşilmiş-kəsilmiş yaralar fonunda kəskin qanitirmə səbəb olub.
İstintaqın gedişatında məlum olub ki, Vüsal Musayev ailəsi ilə Zabratda kirayənişin yaşayıb, o arvadının naməlum şəxslə telefonla danışmasından şübhələndiyini və bu zəmində aralarında mübahisə baş verdiyini bildirib. Münaqişə zamanı qadın onu təhqir etdiyi üçün Vüsal Zakirəyə bıçaq zərbələri vurub. İş materiallarına görə, mərhum marketdə kassir işləyib və onların birgə nikahından qız övladları var.
Hazırlıq iclasında məhkəmənin tərkibi elan edilib və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış oktyabrın 13-nə təyin edilib.
7news.az








