RU
Arzu Nağıyev: “Astana görüşlərindən nəticə gözləmək olmaz”
21:09
351

Arzu Nağıyev: “Astana görüşlərindən nəticə gözləmək olmaz”

Qazaxıstanın Astana şəhərində Suriya problemlərinin çözülməsi istiqamətində görüşləri keçirilir.

Görüşlərdə Rusiya, Türkiyə və İran nümayəndələri, eləcə də, ABŞ-ın Qazaxıstandakı səfiri də iştirka edir. Həmçinin Suriya müxalifətinin nümayəndələri də danışıqlara qatılıb. Bu danışıqlar ümumilikdə Suriya problemində irəli doğru atılan addım hesab olunsa da, politoloqlar hələlik bu prizmada çox da böyük nəticələr gözləmirlər.

Tanınmış siyasətçi Arzu Nağıyev Ölkə.Az-a açıqlamasında bildirib ki, bu danışıqlar bütünlükdə Suriyaya müsbət təsir göstərməyəcək. Onun sözlərinə görə, bu danışıqlar sadəcə sülhə tərəf atılan bir addımdır.

Astana görüşündə Rusiya, Türkiyə və İran əsas oyunçu kimi iştirak edirdi. Suriya tərəfdən müxalif qüvvələrdən Şimal hissəyə nəzarət edən nümayəndələr gəlib. Görüşdə həmçinin BMT-nın nümayəndəsi və Amerikanın Qazaxıstandakı səfiri müşahidəçi kimi iştirak edir. Hətta onların arasında hər hansı bir dialoqun aparılması artıq təqdirəlayiq haldır. Heç olmasa ortadakı nümayəndə heyəti vasitəsilə danışıqlar gedir. Yaxşı haldır ki, Suriyanın müxalifət və hakimiyyət qüvvələri arasında danışıqlar baş tutur.

"Lakin bu o demək deyil ki, bu danışıqlar bütün Suriyaya müsbət təsir edəcək. Çünki Suriyanın tək şimalı deyil, cənub tərəfi də, kürdlər, İŞİD terrorçuları, müxalif qüvvələri də var. Onların da arxasında müəyyən qüvvələr var. İranın öz marağı var, Türkiyənin öz gözləntiləri var. ABŞ-ın öz planları var. Əgər orada ABŞ və onun nəzarətində olan bir neçə qüvvənin rəhbərləri görüşə getmirsə, bu danışıqları bütün Suriyaya şamil etmək olmaz. Ümumilikdə Astana görüşünü müsbət bir hal kimi qiymətləndirmək lazımdır. Bu danışıqlarla sülhə tərəf bir addım atılıbdır”, - deyə A.Nağıyev bildirib.

Ekspert düşünür ki, sülhün bərqərar olması üçün bundan sonra da güc dövlətləri Suriya müxalifətinə təzyiqləri artırmalıdırlar.

"Əgər müxalif qüvvələr əvvəllər Bəşər Əsədin istefasını tələb edirdilərsə, indi onu əvəz edəcək hər hansı bir qüvvənin olması, eyni zamanda girovların azad edilməsi və digər tələbləri var. Düşünürəm ki, həm Rusiya, həm Türkiyə daha çox qarşı tərəfə təzyiqlər etməlidir ki, müəyyən razılığa gəlinsin. Yoxsa bu görüşlərdə nəticə gözləmək olmaz”, - deyə A.Nağıyev qeyd edib. 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ