RU
ASGA-nın sədri və ÜAK-nin Moskva nümayəndəliyinin icraçı direktoru Azərbaycan Xalça   Muzeyinin qonağı oldu
16:42
817

ASGA-nın sədri və ÜAK-nin Moskva nümayəndəliyinin icraçı direktoru Azərbaycan Xalça Muzeyinin qonağı oldu

Yanvar ayının 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva nümayəndəliyinin icraçı direktoru, Rusiyada Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondunun təsisçisi Şamil Tağıyev və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA)-nın təsisçisi və sədri Səbuhi Abbasov Azərbaycan Xalça Muzeyinin qonağı olublar.

Qonaqlara ekskursiya zamanı məluma verildi ki, 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalça Muzeyinin müasir binasının tikintisinə başlandı və 2014-cü ildə onun ilk ekspozisiyası açıldı. Bu muzey xalçanı Azərbaycanın digər ənənəvi sənət növləri ilə qarşılıqlı əlaqədə nümayiş etdirən bir milli mədəniyyət xəzinəsidir. Onun kolleksiyasına xalça, tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları daxildir. Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası unikal gözəlliyi, materialı, xalçaların toxunma texnikası, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir. Muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunub. Xalçalar xalqın həyatını əks etdirən insan, heyvan, quş, bitki ornamentləri ilə səciyyəvi üslubda bəzədilib. Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Qeyd edilib ki, Xalça sənəti Azərbaycan dövlətinin daim diqqət mərkəzində olub. Azərbaycan xalçası 2010-cu il noyabrın 16-dan dünya mədəniyyətinin tərkibinə daxil edilib. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həmin tarixdə Azərbaycan xalçası UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Ona görə də qərara alınıb ki, hər il noyabrın 16-sı ölkəmizdə, “Xalça günü” çərçivəsində Xalça bayramı kimi qeyd edilsin.

Daha sonra muzeyin zəngin kolleksiyası ilə tanış olan qonaqlar, Azərbaycan tarixinə və mədəniyyətinə, xüsusən də xalçalarına heyranlığını ifadə edərək, muzeyin rəylər kitabına ürək sözlərini qeyd ediblər.

Azərbaycan Xalça Muzeyi Mətbuat katibi
Fuad Rəsul.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ