Aşıq Samirə yaratdığı aşıqlar qrupundan danışıb. O qeyd edib ki, 10 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur:
"10 ildir ki, Mədəniyyət və İncəsənət Universitetində müəlliməm. Bu neçə illərdə bir çox tələbələr yetişdirmişəm. Tələbələrimin sayı ildən-ilə daha da artır. Ümumiyyətlə, aşıq sənətinə həmişə axın olub. Universitetdə təhsil alan tələbələr tək ifaçı kimi yox, həmçinin savadlı nəzəriyyəçi kimi də yetişirlər. Kafedramızda 5 müəllim çalışır, yeganə qadın aşıq müəllim mənəm. Kafedramızın rəhbəri isə Aşıq Əhlimandır. Onu da əlavə edim ki, mən tələbələrimlə müəllim-tələbə münasibətində yox, dost, övlad, bacı-qardaş münasibətindəyəm. Bu günlərdə ad günümdə onlar mənimlə birlikdə gözəl bir aşıq mahnısı ifa etdilər. Əslində mən bu proqramı başqa tədbirə hazırlamışdım, amma onlar ilk olaraq mənim ad günümdə ifa etdilər. Tələbə uğuru, tələbə sevgisi ən böyük sevincdir. Aşıqlardan ibarət qruplar çoxdur, amma mən istəyirəm ki, tələbələrimlə çıxışımız hər zaman fərqlənsin. Necə ki, özüm seçilirəm. Çalışacağam ki, ifa etdiyimiz musiqilərimizi də müasir aranjman etdirək. Qrupun üzvlərini hər dəfə dəyişik görəcəksiz, çünki məqsədim onların hər birini ayrı-ayrılıqda tanıtmaqdır. Bu gün Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru olmağımda müəllimlik fəaliyyətimin böyük rolu olub. İstəyirəm ki, insanlar şəxsi həyatımla deyil, sənətimlə maraqlansınlar".











